Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun AXCP və Müsavat Partiyasının tərəfindən də dəstəklənəcəyi bu gün Milli Şura üzvləri ilə gənclərin görüşündə vurğulanıb. İyulun 20-də Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında görüşə qatılan hüquq müdafiəçisi Vidadi İsgəndərli Milli Şura üzvlərinə sual “İndi elə bir ortam yaradıblar ki, guya Azərbaycan xalqının tək ümid yeri Rüstəm İbrahimbəyovdur. Nəyə görə Azərbaycanda müxalif mövqedə olan iki böyük partiya qeyri-dəqiq fikirlərə dəstək verir?” sualını verib. Cavabda AXCP sədri Əli Kərimli bildirib: “Üç aylıq seçki kampaniyası dövründə özümüzü neqativlərə kökləməməliyik. Rüstəm bəy hələ elə bir mövqe ortaya qoymayıb ki, biz ona güvənməyək”. İsa Qəmbər isə qeyd edib ki, Müsavatın mövqeyincə, vahid namizədin Müsavat və AXCP-dən olması o qədər vacib deyildi. Bu, Rüstəm bəy kimi ziyalılar da ola bilərdi. Əsas namizədi isə keçid dövründən sonra xalq müəyyən edəcək.”
Azərbaycan Respublikası iqtidarı Vətəndaş Həmrəyliyi Partiyasının imkanlarından müxalifət arasında casusluq etməyə yararlanır.
Azərbaycan Respublikası Prezident Aparatındakı məlumatlı mənbədən aldığımız xəbərə əsasən, Milli Şura və AXCP-nin son toplantılarının Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında yerləşən zalda təşkil olunması bu iclasların mükəmməl çəkilişi imkanını hakimiyyətə yaradıb: “Bu müxalifət toplantılarının çəkilişləri isə Prezident Aparatının ictimai-siyasi şöbəsinə ötürülüb, orada siyasi texnoloqlar tərəfindən araşdırılır. Çıxışların analızındən müxalifətin vahid namizədi olan Rüstəm İbrahimbəyov ətrafında cəmləşənlərin əsas fiqurlarını müəyyənləşdirib, onları zərərsizləşdirmək üçün lazımi tədbirləri görür.”
Məlumatlı mənbə bunu da əlavə edib ki, bu məqsədə nail olmaq üçün VHP ucuz qiymətlə öz mərkəzi qərargahındakı konfrans zalını müxalifətin ixtiyarına qoyur.