Bir qrup silahlı şəxs bu gün səhər Əfqanıstanın Prezident Sarayına hücum edib. Hücum silahlı şəxslərin hamısının öldürülməsi ilə başa çatıb.
Röyters bu hücumun yerli vaxtla səhər saat 6:30 dəqiqədə baş verdiyini bildirib. Toqquşma Prezident Sarayının şərq qapısında başlanıb. Deyilənlərə görə, hücum zamanı Əfqanıstan prezidenti Hamid Kərzay və ABŞ-ın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Dabinsin birgə mətbuat konfransında iştirak etmək istəyən jurnalistlər hadisə yerində olublar.
Hələ ki, hadisənin baş verdiyi zaman Hamid Kərzayın Prezident Sarayında olub-olmaması ilə bağı dəqiq məlumat yoxdur.
Asoşeyted Press də bildirib ki, Taliban bir bəyanat yayaraq, Kabildə ən təhlükəsiz hesab olunan məntəqəyə qarşı kamikadze hücumunun həyata keçirildiyindən xəbər verib.
Bu xəbər agentliyi həmçinin bildirir ki, bu hücumun ardınca Prezident Sarayının şərq qapısında bir neçə partlayış baş verib.
Təhlükəsizlik rəsmiləri baş vermiş hadisə ilə bağlı açıqlamalarında bütün hücumçuların öldürüldüyünü bildiriblər.
Hadisə yerinə olan jurnalistlərdən biri də deyir ki, hücumçular ilə Prezident Sarayının mühafizəçiləri və yaxınlıqda yerləşmiş MKİ-nin agentləri arasında silahlı toqquşma baş verib.
Talibanın bəyanatında bildirilir ki, Prezident Sarayı ilə yanaşı Müdafiə Nazirliyinin binası və MKİ-nin Kabildəki ofisinin yerləşdiyi Aryana otelini də hədəfə alıb. Hələ ki, ehtimal olunan tələfatla bağlı açıqlama verilməyib.