
İranın nüvə enerjisindən istifadə haqqını tanımaq müzakirələrdə uğur qazanmağın başlıca şərtidir. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.
İİR-in xarici işlər naziri Əli Əkbər Salehi Vyanada keçirilən BMT-nin Sivilizasiyaların İttifaqı iclasının kənarında BMT-nin baş katibi Pan Gi Mun ilə görüşdə deyib: İran İslam Respublikası bütün tərəflər arasında razılaşdırılmış beynəlxalq vasitələrdən istifadə yolu ilə nüvə fəaliyyətləri ilə bağlı nigaranlıqların aradan qaldırılmasına hazırdır. Bir şərt ilə ki, İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə haqqı tanınsın.Bu barədə Səhər kanalının internet saytı məlumat verir.
Ə.Salehi həmçinin, Suriya böhranı üçün yeganə həll yolunun Suriya hökuməti ilə müxalifləri arasında danışıqların aparılması adlandırıb və deyib: Tehran Suriyada toqquşmaların dayandırılmasına kömək etməyə hazırdır.
İranın xarici işlər naziri əlavə edib: Regional sabitlik və təhlükəsizliyin qorunması İran üçün son dərəcə əhəmiyyətlidir və İran bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir. Bəhreyn məsələsinə gəlincə də İran hakimiyyət ilə müxalifləri arasında ciddi müzakirələrin həyata keçirilməsini tövsiyə edir.
BMT-nin baş katibi də bu görüşdə sivilizasiyalar arası dialoqda iranın rolunu önəmli adlandırıb və Salehinin BMT-nin Sivilizasiyaların İttifaqı iclasında iştirak etməsinə görə öz təşəkkürlərini bildirib.
Pan Gi Mun bir daha İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə haqqına təkid edərək, İran və 5+1 Qrupu arasındakı m üzakirələrin sürətləndirilməsini istəyib.