Sədri Dr.Möhsün Səmədovun prezident seçkisində namizədliyi irəli sürüldü
Azərbaycan İslam Partiyasının sədri Dr.Möhsün Səmədovun prezident seçkisində namizədliyi irəli sürüldüyü bildirilən zaman yenidən bir neçə günlük karsa (cərimə təcridxanasına) salınıb.
Bu barədə Turan-a vəkil Anar Qasımlı bildirib.
Vəkilin sözlərinə görə, bu xəbəri bu gün hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək üçün 11 saylı Cəzaçəkmə Müəssisəsinə gedəndə bilib.
“Hacı M.Səmədovun hansı səbəbdən və neçə günlüyə “kars”a salınması ilə bağlı məlumat verməyiblər”, – vəkil əlavə edib.
Onun sözlərinə görə, onu həbsxanaya buraxmayıblar və sabah gəlməyini tövsiyə ediblər.
Vəkil Dr.M.Səmədova işgəncə verilməsindən ehtimal etdiyini bildirib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
M.Səmədov 2011-ci ilin yanvarında həbs olunub. O, məktəblərdə hicab qadağasına görə hökuməti sərt tənqid etdikdən sonra hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
İslam Partiyasının Baş Məclisnidə AİP Möhsün Səmədovun prezidentliyə namizədliyini irəli sürüb. Ölkənin müxtəlif yerlərində çox saylı imza toplanaraq Dr.Möhsün Səmədovun prezidentliyə namizədliyi dəstəklənib.
