
10 mart aksiyası öncəsi
10 mart aksiyası bir azdan başlanır. Gənclər Fəvvarələr meydanında toplaşmağa hazırlaşır. Ərazi polis nəzarətinə götürülüb. Sahil bağına, Fəvvarələr Meydanına gedən bəzi küçə və yollar bağlanıb. Xüsusən də Gənc Tamaşaçılar Teatrına gedən və “McDonalds”ın arxasındakı küçələrə nəzarət gücləndirilib.
Ərazidə xeyli sayda dəbilqəli polislər, mülkigeyimlilər var. Eyni zamanda, su şırnağı vuran maşınlar, çoxlu sayda avtobuslar da toplanıb.
10 mart aksiyası öncəsi həbslər
Azərbaycan Respublikasının müxalifət partiyalarının gənclər təşkilatlarının üzvləri 10 mart aksiyası qabağı həbs olunmağa başlayıb. Bu barədə “musavat.com”a VHP Gənclər Təşkilatından Samir Əsədli bildirib.
O qısaca deyib ki, yeddi gənc fəal Novxanı qəsəbəsində keçirilən ATƏT-in tədbirində həbs olunublar. Bundan sonra əlaqə kəsilib və sonradan S.Əsədlinin telefonuna zəng çatmayıb. Əldə etdiyimiz məlumata görə isə, tədbirin keçirildiyi yerə basqın edən polislər təşkilatın Polşa təmsilçisini döyüb. Müsavat Gənclər Təşkilatından Yeganə Hacıyeva, AXCP-dən Əbülfəz Qurbanlı və VHP-dən Samir Əsədli də daxil olmaqla, yeddi gənc həbs olunub. Onların Binəqədi Rayon Polis İdarəsinə aparıldığı bildirilir.