İnsan Haqlarına Nəzarət Təşkilatı Bəhreyn hökuməti və təhlükəsizlik qüvvələrinin uşaqların hüquqlarını kobud formada pozması, onların həbs və işgəncələrə məruz qalması barədə bir hesabat yayıb.
Raşa Tudey-in məlumatına görə, İnsan Haqlarına Nəzarət Təşkilatı öz hesabatında bildirib ki, Bəhreynin təhlükəsizlik qüvvələri hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən uşaqlarla son dərəcə kobud və amansız formada davranırlar.
Bu məlumata görə, etiraz aksiyalarında iştiraka görə həbs edilən insanların uzun müddət həbsdə saxlanılması, işgəncələrə məruz edilməsi faktları uşaqlara da şamil edilir.
Bu hesabatı hazırlayanlardan olan Nikolas Mək Gihan deyir: Bu gerçəkliklə bağlı nigaranedici faktlar mövcuddur. Bəhreyn rejiminin bu ölkə xalqına qarşı repressiyaları hesabatlarda qeyd olunanlardan daha dəhşətli və acınacaqlı formadadır. Ən dəhşətlisi isə həbsdə olan uşaqlarla da böyüklər kimi kobud formada rəftarın edilməsi və uşaqlara işgəncə verilməsidir. Təcridxanalarda saxlanılan uşaqlara təcavüz edilir, işgəncələrə məruz qalır və ağır şəkildə döyülürlər.
