Azərbaycanda seçki təşviqatında “hicaba azadlıq” tələbi irəli sürüldü!
Azərbaycan Respublikası prezident seçkisinə namizədlərin birinin nümayəndəsi ölkə məktəblərində hicaba azadlıq tələb etdi.
24 sentyabr tarixində İctimai TV-də prezidentliyə namizədlərin teledebatında “Ədalət” partiyası və “Vətən” blokunun təmsilçisi, prezidentliyə namizəd İlyas İsmayılovun vəkili, Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Akif Heydərli deyib : “Hicablı xanımların təhsildən zorla uzaqlaşdırılması nəticəsində savadsız gələcəyimizin bünövrəsi qoyulur. Bu insanlığa qarşı cinayətdir. Bu cinayətin müəllifləri azadlıqda, onlara qarşı mübarizə aparanlar isə məhbəsdədir.”
Akif Heydərli əlavə edib : “Özünü indi islamçı təəssübkeşi kimi göstərmək istəyənlər bir müddət öncə “hakimiyyət dindarlarla çox yumşaq rəftar edir”, deyirdilər, seçki ərəfəsində isə onlar dindarların dostuna çevrilməyə çalışırlar. Əziz qardaş və bacılar, onların siyasi baxışları sizləri aldatmasın.Mən açıq şəkildə qeyd edirəm ki, bu gün xalqımızın əsl din alimlərinin sayının artmasına və dinin inkişafına ehtiyacı var. Şərlənərək həbs olunan günahsız məhbusların arasında İslam alimləri Hacı mövsümlərin, fəramizlərin, abgüllərin həbs olması ürək ağrıdır.”
Həmçinin hakimiyyətin DQ siyasətini tənqid edən AİP fonksioneri deyib : “Hakimiyyətin yarıtmaz xarici siyasəti nəticəsində bu problemin həlli uzanır. Təəssüflər olsun ki, dünən Dağlıq Qarabağda müharibənin durduralmasına imza atanlar bu gün yüksək pafosla onun azad olunmasından danışır. Xarici güc mərkəzlərində himayə axtaranlar isə ABŞ-da Dağlıq Qarabağ haqqında söhbət zamanı «müharibə cinayətdir» ritorikasını irəli sürürlər. Dünən Dağlıq Qarabağda Volski hakimiyyətinin tətbiqinə sevinənlərlə bu gün NATO hərbi blokuna inteqrasiyaya, yaxud ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təmsilçilərinin dəyişilməsinə sevinənlər arasında mən heç bir fərq görmürəm. Çünki Volski də Dağlıq Qarabağı ermənilərə vermək niyyətində idi, NATO və Minsk qrupu da.”
Akif Heydərli əlavə edib : “Müqəddəs kitabımız Qurani-Kərimdə buyurulur: bir qövm öz halını dəyişməsə, Allah da onun halını dəyişməz.”
