Ali-Xəlifə rejiminin qüvvələri Bəhreynin müxtəlif bölgələrində mənzillərə hücum edərək onlarla nəfəri həbs ediblər.
Əl-Aləm telekanalının məlumatına görə, Bəhreyn Milli Vifaq Cəmiyyəti bir bəyanatda bildirib: Ali-Xəlifə rejimi amillərinin Bəhreynin müxtəlif bölgələri, o cümlədən əl-Diraz, Bəni Cəmrə, Cənusan, əl-Qədəm və Həmd bölgələrinə hücumunda iki nəfər də yaralanıb.
Bəhreyni Milli Vifaq Cəmiyyətinin bəyanatında yaralananların vəziyyətinin ağır olduğuna toxunularaq bildirilir: Həbs olunanların ailələri öz yaxınlarının fiziki vəziyyəti barəsində nigarandırlar. Çünki Bəhreyn rejimi qüvvələrinin məhbuslarla rəftarı qeyri-insanidir.
Bəhreyn Milli Vifaq Cəmiyyəti bu bəyanatda Ali-Xəlifə rejimi amilləri tərəfindən xalqın qorxudulması və onların mənzillərinə dəhşətli şəkildə hücumların edilməsinə toxunaraq əlavə edib: Repressiya siyasətlərinin icrası Bəhreyn rejiminin bu ölkənin böhrandan xilas olması üçün siyasi həll yollarına inanmadığını göstərir.
Bəhreyn 2011-ci il 14 fevraldan indiyə qədər hökumətə qarşı etirazların şahididir. Ali-Xəlifə rejimi etirazçıların tələblərinə etina etmədən aksiyaları dağıdır, etirazçıları həbs və məhbusları sifarişli və ədalətsiz hökmlərlə mühakimə edir.