AvropaAzərbaycanDünyaXƏBƏRLƏR

ABŞ “insan haqları”na dair hesabatında səmimi görünə bilərmi?

Azərbaycan Respublikasında müxalifət liderləri, siyasi şərhçilər və mətbuat üçün bü günlərdə bir mövzu da gündəmə gəldi, o da okeanın o tayından. ABŞ Dövlət Departamenti dünyada insan haqlarının durumuna dair illik hesabatını dərc edib.

Hesabatda Azərbaycan Respublikasına həsr olunan bölmədə ölkədə ciddi problemlərin olduğu bildirilir. Sənəddə deyilir: “2013-cü il 9 oktyabr prezident seçkiləri və 2010-cu il parlament seçkiləri demokratik seçkilər haqqında ATƏT-in əsas standartlarına uyğun olmayıb. İl ərzində insan haqları sahəsində aşağıdakı pozuntular daha çox qeydə alınıb: İfadə, toplaşma və birləşmə azadlığının məhdudlaşdırılması, jurnalistlərin, hüquq-müdafiəçilərinin və demokratik fəalların qorxudulması, həbslər, güc tətbiq edilməsi.
Prezident seçkilərindən əvvəl hökumət dinc etirazlar üçün bir neçə əlverişsiz və ucqar yerlər ayırıb, icazəsiz etiraz aksiyaları zorla dağıdılıb, nümayişçilər saxlanılıb. Prezident seçkilərindən sonra hakimiyyət seçkilərin monitorinqini aparan iki QHT-yə qarşı cinayət təhqiqatına başlayıb.
Hesabatda qeyd olunur ki, vətəndaşların dinc yolla hökuməti dəyişdirmək imkanları məhdudlaşdırılır. Digər tərəfdən yarıtmaz ədalət mühakiməsi, özbaşına həbslər və saxlamalar, siyasi motivli həbslər, prosessual normalara əməl olunmaması, icra hakimiyyətinin məhkəmə sisteminə təsiri – bütün bunlar dövlət məmurlarının özbaşınalığı kimi qəbul olunur. Eyni zamanda adi vətəndaşlara və ya onların ailə üzvlərinə qarşı cinayətlər cəzasız qalıb. Hakimiyyət təhlükəsizlik qüvvələri üzərində effektiv nəzarət həyata keçirib. Təhlükəsizlik qüvvələri insan hüquqlarını pozublar. Hakimiyyət mülkiyyət hüquqlarının qorunması məsələsində lazımi atmosferi təmin etməyib. Nəticədə məcburi köçürülmələr, binaların şübhəli əsaslarla sökülməsi, dövlətin götürdüyü mülkiyyətə görə adekvat kompensasiyanın ödənilməməsi baş verib.
Hesabat müəlliflərinin fikrincə, Prezident Administrasiyasının korrupsiyaya qarşı tədbirləri fonunda bütün səviyyələrdə korrupsiyanın geniş yayılması barədə şikayətlər var. Hökumət insan haqlarını pozan məmurların cəzalandırılması üçün tədbir görmək iqtidarında deyil. Bu cəzasızlıq problemə çevrilib.
Dövlət Departamentinin hesabatında ölkənin bu gün ən ciddi problemlərindən birinə çevrilmiş dindar ovu məsələsinə , islamçı fəalların şərlənərək məhbəsə atılmasına lazımi diqqət yetirilməyib. Hesabat müəllifləri təkcə çox müxtəsər şəkildə ilahiyyatçı Teleh Bağırzadənin üzləşdiyi məhkəmə haqsızlığına işarə etməklə kifayətləniblər.
Bir sözlə amerikalılar hesabatda az qala hər şey barəsində danışıblar, hakimiyyəti də tənqid ediblər. Ancaq dindarların hüquqlarının pozulması, hicab qadağası, dindarların şərlənərək həbsi barədə fikir bildirməkdən çəkiniblər. Bu bəlkə də rəsmi Bakı ilə əvvəlcədən razılaşdırılıb və hər iki tərəfin ortaq məxrəcə gəldiyi nöqtədir. Hazırda həbsdə olan 145 dindardan isə yalnız birinin adının çəkilməsi Birləşmiş Ştatların ancaq riyakarlığından irəli gəlir. Bunu nəzərə alaraq ölkənin müsəlman xalqı ABŞ-dan ədalətli mövqe tutmasını və bütün haqsızlıqlara işıq salacağını gözləmir. Çünki Vaşinqtonun AR-dakı prioritetləri başqa şeydir. Enerji və təhlükəsizlik maraqları ilə bərabər liberalizm dəyərlərini yaymaq ardınca olan hegemonçu dövlətdən haqq və ədalət gözləmək absurddur. Əgər o, bəzi məsələlərə görə hakimiyyəti tənqid edirsə də, bunun arxasında AR hakimiyyətini öz orbitində saxlamaq , onu lazımi imtiyazlar verməyə vadar etmək və Qarabağ məsələsində kompromisə sürükləmək kimi amilləri görmək lazımdır. Yoxsa Azərbaycanda demokratiya , insan haqqları və qanun aliliyi kimi ümumbəşəri dəyərlər Amerikanın nəyinə gərəkdir? Əslində ABŞ üçün avtoritar sistemin mövcud olması daha çox sərf edir , nəinki şəffaf və demokratik sistemin bərqərarı. Qanunların hakim kəsildiyi və qanunun şah olduğu ölkələrdə ABŞ-ın öz istəklərini təmin etməsi o qədər də asan olmur. Əgər AR-da savadlı ruhanilər azadlıqda olub xalqı hər cəhətdən maarifləndirərsə, xalqa öz milli mentalitetinə , təbii sərvətlərinə və dini dəyərlərinə sahib çıxması üçün yol göstərərsə, bu, Amerikanın maraqlarına cavab verməz şəksiz.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu