Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ukrayna hadisələrinə fərqli münasibət bəsləyiblər.
“Azərbaycan ərazi bütövlüyü məsələlərinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 16-da Krım Muxtar Respublikasında keçirilən referendumun nəticələrini şərh edərkən bildirib.
Elmar Məmmədyarov deyib: “Azərbaycan Ukraynadakı münaqişənin bu ölkənin konstitusiyası çərçivəsində nizamlanmasına tərəfdardır”.
Ermənistan İctimai Televiziyasına danışan xarici işlər naziri Edvard Nalbandyan deyib ki, Yerevan Ukrayna böhranının dinc üsullar, dialoq və danışıqlar, BMT nizamnaməsi, beynəlxalq hüququn normaları əsasında çözümünə tərəfdardır.
Erməni nazir Ukraynanın Krım bölgəsi ətrafında baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə mümkün təsiri ehtimalları haqda sualı belə cavablandırıb: “Biz Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində dinc və ədalətli həlli, Dağlıq Qarabağ xalqının öz taleyinə dair qərar vermək hüququnun təmin olunması mövqeyində qalırıq”.
