Dindarlar Bəxtiyar Qurbanov və Röyal Əsgərov tapılıb
Aprelin 1-dən Nardaranda aksiyada iştiraka görə yoxa çıxan dindarlar Bəxtiyar Qurbanov və Röyal Əsgərov tapılıb.
Bəxtiyarın atası Yaşar Qurbanovun verdiyi məlumata görə, Bəxtiyar da, Röyal da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır.
Dindar gəncin atası əlavə edib : “Qapalı məhkəmə keçirib oğlum haqqında iki aylıq həbs qətimkan tədbiri seçiblər. Guya etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyətinin binasının giriş qapısını yandırmaq istəyib”!
Aprelin 8-də Yaşar Qurbanovun evində axtarış aparılıb.
Gənc dindarlar Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 1-də Bakının Nardaran qəsəbəsində keçirilən aksiyada iştirak edəndən az sonra itmişdilər.
Valideynləri hüquq mühafizə orqanlarına müraciəti etsə də, onların harada olduqları barədə məlumat ala bilmirdilər.
Bəxtiyar Qurbanov 1987-ci ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Röyal Əsgərov 1987-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Orta təhsillidir.
