ABŞ Dövlət Departamenti 2012-ci il üzrə dünyada insan haqlarının vəziyyətinə dair hesabatında Azərbaycan Respublikasına aid hissəsində hakim Yeni Azərbaycan Partiyasının ölkədə hökmran mövqeyə sahib olduğuna toxunulub!
Hesabatın xülasəsində deyilir ki, Azərbaycan Respublikasında 2010-cu ilin parlament seçkiləri ATƏT-in demokratik seçkilərlə bağlı bir sıra mühüm standartlarına cavab verməyib.
Dağlıq Qarabağ və Azərbaycanın 7 başqa rayonunun işqalı barədə isə ABŞ hesabatında yazılıb : “Dağlıq Qarabağın yekun statusu ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinin predmeti olaraq qalır”.
ABŞ Dövlət Departamentinin rəsmi hesabatında əlavə olunub : “İl ərzində Azərbaycan Respublikasında insan haqları ilə bağlı əsas problemlər bunlar olub:
1. İfadə azadlığının məhdudlaşdırılması, o cümlədən, jurnalistlərə, hüquq müdafiəçilərinə və demokratiya fəallarına qarşı hədə-qorxu, həbs və gücdən istifadə.
2. Sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması. Hakimiyyət 2011-ci ilin yazındakı etiraz aksiyalarında həbs olunanları azad edəndən və 3 dinc nümayişə razılıq verəndən sonra Bakının mərkəzinə yaxın yerlərdə aksiyaların keçirilməsini məhdudlaşdırıb, başqa dinc siyasi etiraz vasitələrini mütəmadi inkar edib, sanksiyalaşdırılmamış nümayişlər zamanı aşırı gücdən istifadə edib və bir qayda olaraq nümayişçiləri həbs edib.
3. Ədalətsiz mühakimə, o cümlədən, əsassız həbs və saxlanmalar, siyasi motivli həbslər, lazımi hüquqi prosedurların olmaması, məhkəmə sisteminə icraedici hakimiyyətin təsiri, məhkəməyə qədər uzunmüddətli saxlamalar.
4. Hakimiyyət mülkiyyət hüququna münasibətdə lazımi prosedurları gözləməyib, nəticədə məcburi köçürmələrə, binaların şübhəli əsaslarla sökülməsinə yol verilib, sakinlərə əmlakları müqabilində adekvat kompensasiya verilməyib.
ABŞ hesabatına əsasən, Azərbaycan Respublikasında insan haqları sahəsində digər problem həbsxana və polis məntəqələrində işgəncə və qəddar rəftarla bağlıdır. İşgəncə və qəddar rəftarlar nəticəsində Azərbaycanda ötən il ən azı 4 nəfər ölüb. Hakimiyyət insan haqlarını pozan məmurlara qarşı heç bir tədbir görməyib, cəzasızlıq problem olaraq qalır.
ABŞ hesabatının “Şəxsiyyət toxunulmazlığına hörmət” bölməsində qanunsuz həbslər, polis məntəqələri və həbsxanalarda şübhəli ölümlər, orduda zorakılıqların geniş yayılması və bir çox hallarda ölümlərə səbəb olması, ötən il orduda baş verən itkilər haqa məlumat verilir, bu sahədə pozuntulara görə cəzasızlığın davam etdiyi qeyd olunur.
Hesabatın digər bəndində ötən il Bakıda “Eurovision” ərəfəsi, eləcə də oktyabr-dekabr aylarında korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarında polisin aşırı gücdən istifadə etməsi əksini tapır.
Burada həmçinin, hüquq-mühafizə orqanlarının saxlanılanlara qarşı qanunları pozması göstərilir. Nümunə kimi qeyd olunur ki, “Tolişi-Sədo” qəzetinin baş redaktoru əvvəl narkotik alveri ittihamı ilə 3 ay m
üddətinə həbs olunub, amma sonradan ona qarşı ittihamı dövlətə xəyanət maddəsinə dəyişiblər.
Hesabatda əlavə olunub ki, etibarlı məlumatlar göstərir ki, Azərbaycanda hakimlər və prokurorlar Prezident Administrasiyasından və Ədliyyə Nazirliyindən təlimatlar alıblar. Hakimlərin bir qayda olaraq rüşvət aldıqları da həmin hesabatlarda əksini tapıb. Hakimlər adətən, hökmü açıq şəkildə oxumayıblar, qərarlarını əsaslandırmayıblar və müttəhimlərə izah etməyiblər.
Əlavə olunub ki, Azərbaycanda Hakimiyyət söz azadlığını və KİV-in müstəqilliyini məhdudlaşdırmaqda davam edib. Jurnalistlər hədələnib, döyülüb və həbs olunub.
Hesabatda həmçinin jurnalistlərə qarşı həbs və cinayət işlərindən, zorakılıqlardan, şantaj və qarayaxma kampaniyalarından bəhs olunur, şantaja məruz qalan araşdırmaçı Xədicə İsmayılın, Sulutəpədə ARDNŞ əməkdaşlarının döydüyü jurnalist İdrak Abbasovun və başqalarının adları çəkilir.
Qeyd etmək lazımdir ki, bütün bunlar ABŞ-ın rəsmi hesabatında yer alsa da Azərbaycan iqtidarı stratejik məsələlərdə qərbə tabe qaldığı səbəbindən ABŞ indiki hakimiyyətin iqtidarda qalmasını dəstəkləyib.