Keçmiş səhiyyə naziri Əli İnsanov: Mənə işgəncəni İlham Əliyev verdirir
Yanvarın 17-də Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə qarşı şikayəti üzrə məhkəmə keçirilib. Prosesə hakim Sənan Hacıyev sədrlik edib.
Məhkəmədə cavabdehlərdən Penitensiar Xidmətin nümayəndəsi Ziya Dadaşov iştirak etsə də, Ədliyyə Nazirliyinin təmsilçisi olmayıb. Elə bu səbəbdən Əli İnsanov etiraz edərək, şəxsən ədliyyə naziri Fikrət Məmmədovun özünün məhkəmədə iştirakı barədə vəsatət qaldırıb:
“Mənim iddiamın əsasında şəxsən Fikrət Məmmədovun özü durur. O nəyə arxayındır ki, nəinki özü gəlməyib, heç nümayəndəsini də göndərməyib. Mənə verilən işgəncələrin başında şəxsən onun özü durur. Xalası oğlu İlham Əliyevin tapışırığı əsasında. Ona görə də vəsatət verirəm ki, Fikrət Məmmədov özü gəlsin. Mənim ona çoxlu suallarım var”.
Vəsatət müzakirəyə çıxarılarkən Penitensiar Xidmətin nümayəndəsi bildirib ki, Penitensiar Xidmət Ədliyyə Nazirliyinin strukturudur, bu səbəbdən məhkəmədə onun iştirakı ilə kifayətlənmək olar, prosesdə Ədliyyə Nazirliyinin də təmsil olunmasına ehtiyac yoxdur.
Əli İnsanovun nümayəndəsi Ağaveyis Şahverdi bu arqumentə etiraz etdi: “Ədliyyə Nazirliyi etibarnamə veribmi ki, Penitensiar Xidmətin nümayəndəsi onu da təmsil etsin. Digər tərəfdən, iddianın əsasında cavabdeh şəxs kimi şəxsən nazir özü durur”.
Əli İnsanov bir daha məhkəməyə müraciət edərək Fikrət Məmmədovun özünü prosesdə görmək istədiyini dedi: “Hardadır bu məmləkətin ədaləti. Ədalət naziri heç sizin özünüzü sayıb bura nümayəndə göndərmir. Bu Fikrət Məmmədov nə vaxtdan Əli İnsanovu saymır? O xalası oğlu İlham Əliyevəmi arxayındır? Nahaq arxayındır. Yanındakıları idarə edə bilməyən adam bu boyda nazirliyi idarə edir. Bizə də işgəncə verdirir”.
Məhkəmə belə qərara gəldi ki, proses Ədliyyə Nazirliyinin nümayəndəsi olmadan keçirilə bilməz. Təxirəsalınma barədə qərar Əli İnsanovun etirazına səbəb oldu: “Yəqin siyasi göstəriş belədir ki, proses uzansın. Bunlar məhkəməni uzatmaq üçün bəhanə axtarırlar”.
İş üzə növbəti məhkəmə iclası yanvarın 31-ə təyin olundu.