ABŞ prezidenti bu ölkə Konqresinə xitabən deyib: İran İslam Respublikasına qarşı əlavə sanksiyalara ehtiyac yoxdur.
Röyters-in məlumatına görə, ABŞ prezidenti Barak Obama cümə axşamı günü Ağ Evdə jurnalistlər qarşısına çıxaraq, konqresmenlərə xitabən, İranın nüvə işinin diplomatik yolla izlənilməsində ciddi olduğunu və İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə ehtiyacın olmadığını vurğulayıb.
ABŞ prezidenti eyni zamanda bildirib ki, İranın nüvə işinin diplomatik yolla həllində nəticə əldə olunmazsa, o zaman müzakirələr nəticəsində sanksiyaların azaldılmasından əl çəkmək olar.
ABŞ dövlət katibi Con Kerri də İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsi barədə xəbərdarlıq edərək, deyib: Konqres tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi hazırda İran ilə 5+1 Qrupu arasında cərəyan edən nüvə müzakirələrinin dayanmasına səbəb ola bilər.
İran və 5+1 Qrupu arasındakı nüvə müzakirələrinin yeni turu noyabrın 7-də Cenevrədə xarici işlər nazirləri müavinləri səviyyəsində start götürmüş, daha sonra müştərək bir sənədin imzalanması üçün xarici işlər nazirləri səviyyəsində davam etdirilmişdi. Amma, Qərb düşərgəsində fikir ayrılığının olması müştərək sənədin imzalanmasında maneələrin yaranmasına səbəb oldu və tərəflər noyabrın 9-da, müzakirələrin sonunda danışıqların 20 noyabr 2013-cü il tarixində Cenevrədə davam etdirilməsi barədə razılığa gələrək, nüvə müzakirələrini yekunlaşdırdılar.