AzərbaycanXƏBƏRLƏR

Demokratik Qüvvələrin Məşvərət Məclisnin Mitinq bəyanatı

Demokratik Qüvvələrin Məşvərət Məclisnin (DQMM) Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sədrliyi ilə növbədənkənar toplantısı keçirilib.

Toplantının gündəliyində duran məsələ – 28 aprel tarixinə təyin olunmuş mitinqə Bakı şəhər İcra Hakimiyyətinin verdiyi cavab məktubu olub. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mitinqlə bağlı cavab məktubu geniş müzakirə olunub, müzakirələrin nəticəsi olaraq DQMM bəyanat qəbul edib:
DQMM AR Konstitusiyasının 49-cu və Sərbəst Toplaşmaq Azadlığı Haqqında AR Qanunun 5-ci maddəsinin tələblərinə əsaslanaraq 28 aprel 2013-cü il tarixində mitinq keçirilməsi ilə bağlı Bakı şəhərində kütləvi aksiyalar üçün nəzərdə tutulan 3 yerdən (Nizami rayonu, “Təbriz” kinoteatrının qarşısındakı meydan, Binəqədi rayonu, metronun “Dərnəgül” stansiyasının çıxışındakı dəmiryolu deposu yaxınlığında yerləşən meydan və Nəsimi rayonu, 20 Yanvar küçəsi, 4-cü mikrorayondakı məhəllə stadionu) birində mitinq keçirilməsinə şərait yaradılması ilə bağlı BŞİH-ə müraciət edib. BŞİH heç bir əsas göstərilmədən və qanuna zidd olaraq mitinqin Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib.

DQMM baş verən bu hadisələrdən sonra BŞİH-nin qanunsuz əməlləri ilə bağlı hüquqi müstəvidə mübarizəsini davam etdirib. Lakin, birbaşa icra strukturlarının siyasi sifarişi ilə işləyən Bakı şəhər 1 saylı İnzibati-İqtisad Məhkəməsi 25 aprel 2013-cü il tarixində obyektiv məhkəmə araşdırması aparmadan iddiamızı rədd edib.
DQMM BŞİH-nin 28 aprel tarixinə təyin edilmiş mitinqlə bağlı qanunazidd təklifini rədd edir, hakimiyyətin ölkədə sərbəst toplaşmaq azadlığına qarşı yönəlmiş bu cür qanunsuz addımlarını kəskin tənqid edir, bu addımları 20 il öncə hakimiyyəti qiyam yolu ilə qəsb etmiş indiki antimilli rejimin ölkə vətəndaşlarının öz haqları uğrunda aktiv mübarizəyə başlamasından doğan narahatçılığı kimi dəyərləndirir.
DQMM belə hesab edir ki, indiki rejimin sərbəst toplaşmaq azadlığını ləğv etməsi Azərbaycanda siyasi sistemin inkişafının qarşısının alınmasına, radikal və destruktiv qüvvələrin fəallaşmasına və bu zəmində dövləti cinayətlərin artmasına, nəhayət, ölkədə ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxaracaqdır ki, bunun da məsuliyyətini indiki hakimiyyət daşıyacaq.
DQMM demokratik institutlardan, xüsusilə Azərbaycanın qarşısında öhdəliyi olan və ya Azərbaycanla əməkdaşlıq edən AŞ-nı, AB-ni, ATƏT-i Azərbaycan hakimiyyətini fundamental insan hüquq və azadlıqlarına yönəlmiş addımlar atmaqdan çəkinmək üçün öz təsir imkanlarından istifadə etməyə çağırır.
DQMM hakimiyyət orqanlarının seçkiqabağı fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına yönəlmiş repressiv siyasətinin ölkədə azad, ədalətli, bərabər və demokratik seçkilərin keçirilməsini istisna etdiyini, bu hərəkətlərin yenidən hakimiyyətin uzurpasiyasına yönəldiyini bir daha bəyan edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu