Şok ifadələr: “Sən narahat olma, biz əl izi taparıq”
Ötən il Azərbaycan Respublikasında repressiyaların qurbanı olmuş “NIDA” Vətəndaş Hərəkatının 8 üzvünün məhkəməsi davam edir. Məhkəmə prosesində maraqlı amma şok işgəncə faktları barədə ifadələr ortaya çıxır.
Ayın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Şahin Novruzlu və Bəxtiyar Quliyev ifadə verib. Şahin Novruzlu öz ifadəsində bildirib ki, axtarış aparan şəxslər onu təhqir ediblər: “Mənə fiziki təzyiq elədilər, vurdular və sonra isə psixoloji təsir elədilər. Martın 8-i məni kameradan çıxarıb otağa apardılar. Otaqda iki nəfər protokol tərtib etmədən mənə müxtəlif suallar verdilər, mən isə günahsız olduğumu, narkotik vasitənin və ”molotovun” mənə heç bir aidiyyəti olmadığını, bizim mənzildə belə şey olmadığını, mənim heç “Molotov” və narkotik vasitəyə toxunmadığımı, orada əl izimin olmadığını bildirdim. Həmin şəxs isə gülə-gülə “sən narahat olma, biz əl izi taparıq” dedi”- deyə Şahin Novruzlu bildirib.
Daha sonra Bəxtiyar Quliyev də ifadəsində işgəncəyə məruz qaldığını bildirib: “Orada bizi çox pis döydülər, söyüşlər söydülər. Sonra dedilər, gedin Şahmarı durğuzun. Bu Şahmar da yekəpər biri idi, o da gəlib bizi 10 dəqiqə döydü. Sonra şkafı açdı, oradan Heydər Əliyevin kitabını çıxarıb, sinəmə, başıma kitabla zərbələr vururdu. Məni ”Koroğlu” metrostansiyasının içində vahiməli şəkildə saxladılar. Saxlanma anı o qədər kobud və qorxuducu şəkildə idi ki, metrodakı insanlar vahimə ilə qaçırdılar. Qarnıma yumruq vurdular. Döyə-döyə maşına apardılar. Sonra məni gətirdilər MTN-ə. MTN-nin darvazasından içəri girəndə maşındakı işçilərdən biri əlini çiynimə qoyub dedi ki, bilirsən bura haradır? Dedim, yox. Dedi ki, cəhənnəmə xoş gəldin! O zamandan etibarən mən artıq cismimi onlara təslim etdim”.
NİDA üzvləri 2013-cü il mart-aprel aylarında həbs olunublar.
Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.
Daha sonra gənclərin bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb. Gənclər ittihamları qəbul etmir.