Dünya

Belçika hökumətində İrana qarşı kibertəhlükə ittihamı ilə bağlı fikir ayrılığı

Belçika hökumətində İrana qarşı kibertəhlükə ittihamı ilə bağlı fikir ayrılığı

Belçikanın daxili işlər naziri Bernar Kintan ölkə mağazalarının soyuducularına qarşı kiberhücumların arxasında İranın dayandığını bildirsə də, xarici işlər naziri Maksim Prevo bu ittiham üçün kifayət qədər sübut olmadığını açıqlayıb.

Bernar Kintan cümə axşamı axşamı ölkənin “VRT NWS” televiziya kanalına müsahibəsində təhlükəsizlik xidmətlərinin ona “İranın mağazalarımıza qarşı kiberhücumların böyük ehtimalla arxasında dayandığını söyləmək üçün kifayət qədər sübut” təqdim etdiyini iddia edib.

Reuters agentliyinin məlumatına görə, Belçikanın xarici işlər naziri Maksim Prevo isə daha ehtiyatlı mövqe tutaraq bildirib: “Hazırda əlimizdə olan məlumatlar İranı bu hücumlara görə rəsmi şəkildə məsul elan etmək üçün kifayət deyil.” O, həmçinin xarici aktora qarşı kiberhücumun rəsmi şəkildə aid edilməsinin Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilməli olduğunu vurğulayıb.