DEVAMM Müsavat partiyası başqanının müşaviri Yadigar Sadıqovun həbs edilməsi ilə bağlı bəyanat qəbul edib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bidirilir: “DEVAMM olaraq, Yadigar Sadıqovun həbsinə qəti etirazımızı bildiririk. Bu, biabırçı səviyyəli bir olaydır. Hesab edirik ki, Yadigar Sadıqov öz mövqeyinə, baxışlarına, çıxışlarına görə təqib edilir.
Siyasi fəal olmaqdan əlavə, Yadigar Sadıqov forumçu, bloqqerdir. Onun ictimai-siyasi mühitdə illərlə formalaşan müsbət imici vardır. Hər kəsə bəllidir ki, Yadigar Sadıqov prinsiplərə sadiq, mübariz insandır. Və ona qarşı irəli sürülən ittihamların əsassız və qərəzli olması da hamıya bəllidir.
Məsələnin ən acınacaqlı tərəflərindən biri budur ki, “naməlum şəxslər tərəfindən döyülən” bir fərdin məhz sosial şəbəkələrdə fəal mövqe sərgiləyən Yadigar Sadıqov tərəfindən “döyülməsi” çox tez və operativ qaydada “müəyyən edildi”. Başqa vaxtlarda aylarla, illərlə davam edən araşdırma və təhqiqatlar, nədənsə müxalif fəala gəldikdə, bir neçə saata nəticə verir. Hər kəsə aydındır ki, bütün bunlar əsası olmayan bir məsələlərdir və Yadigar Sadıqovu, onun kimiləri susdurmağa yönəlmişdir.
DEVAMM olaraq, bir daha Yadigar Sadıqovun həbsini pisləyir, onun təcili azadlığa buraxılmasını tələb edirik”.