Ermənistan Milli Statistika Xidməti: ölkəyə Azərbaycandan mal idxal olunur

Ermənistan Milli Statistika Xidmətinin saytında ölkəyə Azərbaycandan mal idxal olunduğu haqda məlumat yer alıb.

2011-ci il ərzində ölkələr üzrə ticarət əməliyyatları bölməsində göstərilib ki, Ermənistan Azərbaycandan 8,5 min dollarlıq mal idxal edib (http://www.armstat.am/file/doc/99473898.pdf linkinə daxil olub, 468-ci səhifədəki cədvələ baxmaq mümkündür).
Xəbəri şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, bu, Ermənistanla Azərbaycan arasında ticarət əlaqəsinin olduğunu göstərir.
İqtisadçı ekspert deyib : “Azərbaycan malı, tutalım, Gürcüstan şirkətləri vasitəsilə Ermənistana təkrar ixrac edilsə, onda həmin məlumat Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsinin statistikasına salınardı. Ermənistanın rəsmi statistikası Azərbaycanın qarşısına həmişə 0 rəqəmi yazırdı. 2011-ci ildə isə 8,5 min dollar yazılıb”.
Ekspert əlavə edib ki, rəsmi statistikaya görə, 2011-ci ildə Türkiyədən Ermənistana idxalın həcmi 240 milyon 248 min 200 dollar olub.

Ekspertlərin fikrincə, əgər Azərbaycandan Ermənistana hansısa mallar ixrac edilirsə, Ermənistandan da bura ixracın həyata keçirilməsi istisna sayılmamalıdır.
MTN mətbuat xidmətinin rəisi Arif Babayev iddia edib ki, Ermənistana Azərbaycandan mal idxal edilməsi barədə məlumat Ermənistanın növbəti uydurması və təxribatıdır.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi açıqlama verməyib.
Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü, deputat Zahid Oruc isə deyib : “Əgər bu, sadəcə Ermənistanın növbəti uydurması və təxribatı və informasiya müharibəsidirsə və Azərbaycanda şübhə toxumu səpmək üçündürsə, Azərbaycanın müvafiq rəsmi orqanları bu məsələni araşdırıb cəmiyyətə məlumat verməlidirlər. İkinci versiya da ondan ibarətdir ki, ticarət əlaqəsini həyata keçirən hər hansı özəl qurumdur”.
Oruc bəyan etdi ki, Azərbaycanla Ermənistan arasında bütün münasibətləri qadağan edən qanun qəbul edilməlidir, necə ki, Gürcüstan Abxaziya və Osetiya ilə əlaqələrə dair ”İşğal olunmuş torpaqlar haqqında” Qanunu qəbul edib.
Deputat əlavə edib : “Gələcəkdə Azərbaycandan Ermənistanla əlaqələrin qurulmasını istəyən daxili və beynəlxalq qüvvələr də olacaq. Elə bilirsiniz bu gün yoxdur. Ona görə də Azərbaycan indidən mütləq qeyd etdiyim qanunu qəbul eləməlidir. Ermənistanla ticarət, iqtisadi əlaqələr qurmaq hüquqi məsuliyyət daşımalıdır. Deputatların məsuliyyəti və günahıdır ki, belə bir qanunu qəbul etməmişik”!!

↑
Mobil sürümden çık