Hacı Abgül Süleymanov demokratik və islamçı qüvvələri birliyə dəvət edib Hacı Abgül Süleymanov demokratik və islamçı qüvvələri birliyə dəvət edib
İnanclı kəsimin tanınmış nümayəndəsi, siyasi baxışlarına xatir hazırda həbsdə olan Hacı Abgül Süleymanov Azərbaycan Respublikasında bütün demokratik və islamçı qüvvələri birliyə dəvət edib.
İslam-Azəri saytında dərc olunmuş məktubda Hacı Abgül Süleymanov yazıb : “Bismillahirrəhmanirrəhim – “Ey iman gətirənlər! Allahın ipindən cəm olaraq yapışın. İxtilafdan, təfriqədən pəhriz edin.”
Biz islamçılar, özümüzü müstəqil siyasi təşkilat hesab edirik, bizim müstəqil siyasətimiz və xəttimiz var. Biz seçkilərdə azad müxalifət olaraq demokratik qüvvələrə dəstək verməyə hazırıq. Lakin qarşıdan gələn prezident seçkilərində vahid namizədin müəyyən edilməsi prosesi artıq gecikir. Bu gecikmə çox şeyi dəyişə bilər. Biz islamçılar heç bir partiyanın nə üzvü, nə də cüzü deyilik. Sadəcə öz tələblərimizi və müxalifətin tələblərini tam əsaslı bildiyimizə görə bu tələbləri birgə irəli sürməyi siyasətimizə uyğun hesab edirik. Seçkilərə qədər islamçılar sivil qaydada razılaşdırılmış aksiyalar, konfranslar (hicaba azadlıq, qanunsuz həbslərə son, həbs olunanların azad olunması və baş verən digər qanunsuzluqlarla bağlı), beynəlxalq təşkilatların, xarici səfirliklərin nümayəndələri ilə görüşlər təşkil etməklə bu tələbləri bir daha irəli sürəcək. El arasında misal var: “Tək əldən səs çıxmaz”. Birləşək, yumruq kimi bir olaq.”