İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi bu təşkilatın baş katibinə ünvanlanmış məktubunda İranın nüvə proqramı haqda Vaşinqton Post qəzetində Pan Gi Muna nisbət verilən yazıya öz etirazını bildirib.
Məhəmməd Xəzayi BMT baş katibinin İranın nüvə proqramı haqdakı son sözlərindən təəssüfləndiyini bildirərək, baş katibin diqqətini Vaşinqton Post qəzetinin 2 gün öncəki sayında yer alan “Pan Gi Mun: İran BMT çərçivəsində aparılan nüvə müzakirələrindən atom bombası istehsalı üçün kamuflyaj olaraq istifadə edə bilər” başlıqlı məqaləyə cəlb edib.
M.Xəzayi əlavə edib: Əgər Vaşinqton Post qəzetinin bu yazısı doğrudursa, onda demək lazımdır ki, BMT baş katibinin daşıdığı məsuliyyətlərə və beynəlxalq qaydalara sığmayan bu hərəkəti həqiqətən təəssüfləndirici haldır.
İranın BMT-dəki daimi nümayəndəsi həmçinin deyib: Ötən bir neçə gündə bu istiqamətdə bəzi qərb rəsmiləri tərəfindən yanlış fikirlər səsləndirilmişdi. Amma, BMT baş katibi kimi beynəlxalq bir şəxsiyyətə malik bir şəxs tərəfindən belə bir fikrin səsləndirilməsi bu məqamın müstəqil ölkələr arasındakı mövqeyinə zərbə vura bilər.