“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bəyanat Verdi
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bəyanat yayaraq, Azərbaycan Reaspublikasında qanunsuz həbslərin dayandırılmasını tələb edib.
Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda 2013-cü ilin payızında keçiriləcək prezident seçkiləri öncəsi vəziyyəti daha da demokratikləşdirilməli olan mövcud iqtidar əks mövqe tutaraq, ölkədə fəaliyyət göstərən siyasi partiyalara, vətəndaş cəmiyyəti institutlarına və azad mediaya qarşı total hücumlara və repressiyalara start verib.
Təşkilatın yayımladığı bəyanatda daha sonra deyilir: “İlin əvvəllərində öz konstitusion hüquqlarının müdafiəsini tələb edən sahibkarların Binə üsyanı, eləcə də İsmayıllı hadisələri və günahsız əsgər ölümlərinə etiraz əlaməti olaraq keçirilən aksiyalar zamanı bu günə qədər 40- a yaxın ictimai fəal qanunsuz olaraq həbs olunub.
Təəssüf doğuran haldır ki, insanlarda xof yaratmaqla onları mübarizədən çəkindirməyi qarşısına məqsəd qoyan hakimiyyət qanunsuz həbs etdiyi şəxsləri həbsdən azad edərək onların istintaqını obyektiv aparmaq əvəzinə ittiham olunan şəxslərə qarşı əlavə ittihamlar irəli sürür.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı ilahiyyatçı Taleh Bağırzadə daxil olmaqla dini baxışlarına və fəal vətəndaş mövqeyinə görə həbs olunmuş dindarların habelə diğər ictimai-siyasi fəəalların həbsdə saxlanmasını qanunsuzluq olmaqla yanaşı, hakimiyyətin öz rəqiblərinə qarşı qisasçılıq aktı kimi dəyərləndirir.
