İranın Atom Enerjisi Təşkilatının sədri deyib: 6 aylıq anlaşma müddətində uranın 20 faizlik zənginləşdirilməsinin dayandırılması İranın mənafeyi ilə ziddiyyət təşkil etmir. Çünki, hazırda biz 4 il üçün kifayət qədər yanacaq ehtiyatına malikik və uranın 20%-lik zənginləşdirilməsini yenidən bərpa edə bilərik.
Əli Əkbər Salehi Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani, Ayətullah Safi Golpayeqani və Ayətullah Cavadi Amoli ilə görüşdə İranın beynəlxalq öhdəliklərə sadiq qaldığını deyərək, qərblilərin İran qarşısında öz öhdəlikləri və vədlərinə əməl etməməklərini İranın uranın 20%-lik zənginləşdirilməsi prosesini bərpa etməsinə səbəb olacaq amil adlandırıb və deyib: Bir zamanlar biz Tehran reaktoru üçün nüvə yanacağına ehtiyaclı idik. Amma, qərblilər ilə müzakirələrdə onlar bizim milli hakimiyyətimizə qarşı yönəlmiş şərtlər qoydular. Əslində onlar bizə heç nə vermək istəmirdilər.
Salehi müəyyən bir zaman məhdudiyyətində etimadın yaradılması məqsədilə əldə olunan Cenevrə anlaşmasını müsbət qarşılayaraq, deyib: Əgər qərblilər bizə 20% zənginləşdirilmiş nüvə yanacağı vermək istəsəydilər, iki il yarım zaman çəkəcəkdi. Amma, cənab Əhmədi Nejadın prezidentliyi dönəmində hökumətin maliyyə dəstəyi və şəhid Şəhriyarı habelə digər gənc nüvə alimlərimizin yorulmaz səyləri nəticəsində uranın 20% zənginləşdirilməsi prosesinə nail olmaqla yanaşı, nüvə yanacağını da ölkə daxilində istehsal etməyə nail olduq. Bu isə qərblilər üçün inanılmaz idi.
İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Qərblilər uranın 20% həddində zənginləşdirilməsi prosesinə yiyələnməyin İran üçün potensial qüdrət mənbəyinə çevrildiyinə inanırlar. Belə ki, onların təsəvvürünə görə İran nüvə silahlarının istehsalı üçün istənilən anda uranın zənginləşdirilməsini 90%-ə kimi artıra bilər.
Salehi daha sonra deyib: Biz heç vaxt nüvə silahı və ya uranın 5%-dən artıq zənginləşdirilməsi ardınca olmamışıq. Çünki, İslam İnqilabının Böyük Rəhbərinin fitvası rəsmi bir dövlət qərarı və şəri hökm olaraq üzərimizə düşən vəzifəni müəyyənləşdirib.
Ayətullah Məkarim Şirazi də bu görüşdə deyib: İranın nüvə silahı ardınca olması xülyası düşmənlərin uydurmasından başqa bir şey deyil.
Ayətullah Nuri Həmədani də İranın Atom Enerjisi Təşkilatının direktoru ilə görüşdə Quran-Kərimin başqalarına ağalıq etməyi ən böyük günahlardan biri hesab etdiyini işarə edərək, deyib: 2 şey ən böyük günahlardandır. Onlardan biri ictimaiyyət üçün son dərəcə mənfi nəticələrə səbəb olan sələmçilik, digəri isə zorakılar qarşısında zülmə tabe olmaqdır. Çünki, hegemonçular üzəri məxmər əlcək ilə örtülmüş dəmir yumruq kimidir.
Ayətullah Safi Qolpayeqani də İranın Atom Enerjisi Təşkilatının direktoru Əli Əkbər Salehi ilə görüşdə İranın nüvə nailiyyətlərinin qorunmasını son dərəcə önəmli məsələ adlandırıb və deyib: İranın nüvə danışıqlarındakı müzakirə heyəti Qərb ölkələri ilə anlaşma ilə yanaşı İran xalqının milli maraqlarına zərbə dəyməsinə də imkan verməməlidirlər.
Ayətullah Cavadi Amoli də Salehi ilə görüşdə ayıqlıq və əxlaq normalarına riayət etməyi İranın müzakirə heyətinin qırmızı xətti adlandırıb və deyib: Müsəlmanlara qarşı fitnə ardınca olmayan kafir ilə yanaşı yaşamaq mümkündür. Amma, beynəlxalq qaydalara, müqavilələrə, öz imzasına belə imanı olmayan zorakı qüdrətlər ilə yanaşı yaşamaq mümkün deyil.