İranda Prezident seçkisinin nəticəsinin qonşu Azərbaycanla əlaqələrə təsirini şərh edən İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pak Ain bildirib : “İranın Azərbaycanla münasibətlərinin inkişafı yeni dövrdə əhəmiyyətli yer tutacaq”.
Səfir Yeni Musavat qəzeti ilə müsahibəsibndə deyib : “Dr. Ruhani seçki zamanı elan etdiyi platformasında göstərib ki, qonşularla yaxşı münasibət qurulması ən ümdə vəzifələrindən biri olacaq. Təbii ki, Azərbaycan İranın qonşusudur və aramızdakı müştərək tellər heç bir ikinci ölkə ilə mövcud deyil. Tarix, mədəniyyət, dini-məzhəbi, dil birliyimiz var”.
Səfir Pak Ain əlavə edib : “Həsən Ruhani xarici siyasət üzrə çox təcrübəli adamdır. 5 dəfə parlamentin xarici siyasət və təhlükəsizlik komissiyasında rəhbər vəzifə tutub. Vaxtilə Azərbaycana səfər edib – Heydər Əliyevin hakimiyyəti dövründə. Azərbaycana münasibəti yaxşıdır. Xarici siyasət sahəsində mütəxəssisləri çox yaxşı tanıyır. Mötədil, orta yola üstünlük verən insandır. İranda xalq arasında müsbət imici və güclü dayağı var. Hətta seçkilərdə ona səs verməyən insanlar belə, H.Ruhaninin seçki platformasına, proqramlarına müsbət yanaşırlar. Seçkilərdə qələbə qazana bilməyən namizədlər fəaliyyətində ona dəstək verməyə hazır olduqlarını bildirdilər. Bu səbəbdən bizdə bu fikir var ki, cənab Ruhani seçkidə ortaya qoyduğu bütün planları yerinə yetirəcək”.
Səfir Yeni Musavatın ifrat millətçilik prizmasından İranda azəri dilinin barəsində verdiyi sualı isə belə cavablandırıb : “İran Konstitusiyasına görə, ölkənin dövlət dili fars dilidir. İran əhalisinin 98 faizi bu konstitusiyaya səs verib. Fars dili İranda bir xalqın dili deyil. İranda fars kimi bir xalq yoxdur, yəni fars dilinin dövlət dili olması bir xalqın digərindən üstünlüyü mənasına gəlmir. Bu milli bir dildir. Və həm də yeni yaranmış bir dil deyil, 3 min ildən çoxdur ki, bu, iranlıların dili olub. İran konstitusiyasına görə, ölkədə bütün səviyyələrdə ünsiyyət, universitetlərə təhsil rəsmi dil kimi milli dildə, yəni fars dilindədir. Ancaq konstitusiyaya görə, hər millət öz dilini orta məktəbdə, universitetdə tədris edə bilər. Eyni zamanda hər xalq öz dilində televiziya, qəzet, jurnal buraxa bilər. Hazırda İranda bu mövcuddur. Universitetlərdə Azərbaycan, Bəlucistan, Lorestan, Kürdüstan və digər bölgələrdə hər xalq öz dilində təhsil ala bilir. Hər xalqın öz dilində radio, televiziya və mətbuatı mövcuddur. Əgər İran peyk kanallarını izləsəniz görərsiniz ki, İranın Azərbaycan əyalətlərinin televiziyaları Azərbaycan dilində yayınlanır. Hətta futbol yarışlarının da Azərbaycan dilində efirə verilənləri var. Yalnız mərkəzi televiziyalar istisnadır, onlar farsca yayınlanırlar. Təbii ki, prezidentliyə namizədlər, o cümlədən cənab Ruhani xalqların haqlarının təmin olunması istiqamətində daha çox çalışacaqları ilə bağlı vəd veriblər”.