Azərbaycan İslam Partiyasının 12 il müddətinə azadlıqdan məhrum olunmuş lideri Dr. Möhsün Səmədovun və 11 il müddətinə azadlıqdan məhrum edilmiş ilahiyyatçı alim Abgül Süleymanovun Milli Şura üzvlüyündən imtina etmələri Milli Şura tərəfindən araşdırılacaq.
Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov bildirib ki, Hacı Möhsün Səmədov və Abgül Süleymanovun mövqeyini bizə çatdıran adamlarla bu məsələni bir daha dəqiqləşdiriləcək.
Eldar Namazov vurğulayıb : “Milli Şuraya heç kəsi əsas olmadan qəbul etməyiblər.”
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib : “Hər bir siyasi təşkilatın öz siyasi xəttini müəyyənləşdirmək hüququ var. Siyasi məhbuslar olan Möhsün Səmədov və Abgül Süleymanovun öz ideoloji xətlərinə, təşkilatlarının mənafeyinə uyğun siyasəti yürütməsinə də bu prizmadan yanaşmaq lazımdır”.
Arif Hacılı islamçılara həbsxanada Milli Şura ilə bağlı təzyiq edilə biləcəyini düşünmədiyini söyləyib.
Arif Hacılı deyib : “Bu adamlar kifayət qədər siyasi təcrübəsi olan, mübarizədə fədakarlıq göstərmiş insanlardır. Möhsün Səmədovu yaxşı tanıyıram, onunla həbsxanada da dəfələrlə görüşmüşəm. Əvvəla, ona ağır təzyiqlərin olacağını düşünmürəm. Həm də onlar elə şəxslərdir ki, hər hansı təzyiqə görə siyasi əqidələrini dəyişməzlər”.