İran İslam Respublikasının xarici işlər naziri İranın heç bir nüvə mərkəzinin fəaliyyətinin dayandırılmayacağını deyərək, Ərak Ağır Su Təsisatının da öz fəaliyyətini davam etdirəcəyini bildirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər Cenevrədə iranlı jurnalistlərin iştirakı ilə keçirilən mətbuat brifinqində deyib: İranda uranın zənginləşdirilməsi prosesinin davam etməsinin kənarında keçmişdə olduğu kimi bundan sonra da uranın 5% həddində zənginləşdirilməsi əməliyyatı davam etdiriləcək.
İranın xarici işlər naziri İrana qarşı heç bir yeni sanksiyanın tətbiq edilməyəcəyini və mövcud sanksiyaların azaldılacağını da vurğulayıb.
İranın xarici diplomatiya idarəsinin başçısı İranın nüvə işinin adiləşməyə doğru irəlilədiyini deyərək, yalnız İranın bədxahları tərəfindən sui-istifadə mənbəyinə çevrilən bu qeyri-zəruri böhranın bütün əlaqədar tərəflərin səyləri ilə həll olunmaq istiqamətində hərəkət etdiyini bildirib.
İranın xarici işlər naziri əlavə edib: Bu son dərəcə böyük bir nailiyyətdir ki, İsrail rejiminin İranın nüvə fəaliyyətlərini, İran dövləti və böyük İran xalqının mahiyyətini dünyaya olmadığı şəkildə qələmə vermək üzrə bütün səyləri getdikcə tamamilə zərərsizləşdirilir.
Məhəmməd Cavad Zərif İran və 5+1 Qrupu arasındakı anlaşmanın bir iş proqramı olduğunu vurğulayaraq, deyib: Bu proqram 4 səhifədə hazırlanıb və üç mərhələyə malikdir. Hədəflər, ilk qarşılıqlı addımlar və yekun addım əldə olunmuş anlaşmanın üç əsas mərhələsidir.
İranın xarici işlər naziri təzyiqlərin İranın dinc məqsədlər üçün olan nüvə fəaliyyətləri o cümlədən uranın zənginləşdirilməsi prosesini dayandıra bilmədiyini deyərək, vurğulayıb: Hədəflər və yekun addım mərhələsində İranın zənginləşdirmə haqqı rəsmən tanınmış olub.
İranın xarici işlər naziri həmçinin, Tehran və 5+1 Qrupu arasındakı anlaşmanın icrasına zəmanətlər barəsində deyib: Anlaşmanın icrasına zəmanət olaraq İran və 5+1 Qrupu arasında müştərək bir nəzarət komissiyasının təşkil edilməsi nəzərdə tutulub.
Zərif əlavə edib: Əgər hər hansı bir sədaqətsizlik və öhdəliklərdən yayınma halı müşahidə olunarsa, ilkin addımlardan dönüş mümkündür.
“İran müzakirələrə xoşməramlılığa əsaslanan baxışla daxil olub və qarşı tərəfin öz öhdəliklərinə əməl etməyəcəyi təqdirdə Tehranın birtərəfli qaydada öz öhdəliklərinə əməl etməli olmasını zəruri edən bir şərait də mövcud deyil.” – deyə Zərif bildirib.
İranın xarici diplomatiya idarəsinin başçısı bundan öncə Qərb dövlətlərinin İrana olan təzyiqlərinə işarə edərək, deyib: İran və 5+1 Qrupu arasındakı anlaşma təzyiqlərin qarşısını alacaq və bu da o deməkdir ki, İranın zənginləşdirmə haqqını rəsmən tanımış olub və istənilən həll yolu İranda uranın zənginləşdirilməsi haqqına şamil olmalıdır.
Zərif həmçinin, İran xalqının ABŞ dövlətinə inanmadığını və Vaşinqtonun öz davranışları ilə bu etimadsızlığı daha da dərinləşdirməkdən çəkinməli olduğunu deyərək, vurğulayıb: İmtahan zamanı gəlib çatmışdır və indi Qərb üçün İran xalqının etimadını cəlb etmək istiqamətində dəyərli bir fürsət yaranıb. Amerika da bu fürsətdən istifadə etməlidir.
İranın xarici işlər naziri sonda deyib: İran xalqı başıuca xalqdır, daim müqavimət göstərib və bu müqavimət bazar günü öz nəticəsini verdi.
