İlham Əliyev müxaliflərinə polisin gücünü xatırlatdı: “Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaq”.
İyulun 2-də, Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında çıxış edən Azərbaycan Respublikası prezidenti İlham Əliyev “2005-ci ildəki polisin etirazçılarla sərt darandığını müdfiə edib: “2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma “narıncı inqilab” etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxt vəziyyət indiki kimi deyildi. Bəzi hallarda Azərbaycan beynəlxalq qurumların təzyiqlərinə də məruz qalırdı. İndi bizə heç kim təzyiq edə bilməz və deyə bilərəm ki, bu cəhdlər artıq tükənib. Amma o vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaq.”
Azərbaycan Respublikası prezidenti İlham Əliyev müxaliflərinə polisin gücünü önə çəkib: “Bu gün də demək istəyirəm ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaq”.
İlham Əliyev müxaliflərini xain adlandırıb: “Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Budur bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain, – onlara heç qüvvə də deyə bilmərəm, – ünsürlər, qruplar. Budur bugünkü siyasi palitra.”