İmam Musa Kazım(ə)

Rəcəb ayının 25-i(5 iyun) İmam Musa Kazım(ə)-ın şəhadətinin ildönümü günüdür.

İmam Musa Kazım(ə) zahidlik və ibadətdə xüsusi diqqət göstərdiyi üçün Əbdüssaleh, helmli olmasına, qəzəbinə hakim olmasına habelə, çətinliklər qarşısında səbirli və dözümlü olmasına görə Kazım ləqəbi ilə məşhur olmuşdu.

İmam Musa Kazım(ə) hicrətin 128-ci ilində səfər ayının 7-də Əbva məntəqəsində dünyaya göz açır.

Onun atası Həzrət İmam Cəfər Sadiq(ə), anası isə Həmidədir.

Adı Musadır. Müxtəlif ləqəblər və ayamalara malikdir. ən məşhur ləqəbi isə səbirli olduğu üçün Kazım, ən məşhur ayaması isə Əbülhəsəndir. Üzüyünün qaşına yazılan cümlə isə Həsballah-dır.

Abbasi xəlifələrindən Harun Ərrəşid İmamın fəzilətlərinə dözməyərək, İmamı həbs etmək üçün şəxsən meydana daxil olur və öncədən hazırlanmış ssenari əsasında İslam Peyğəmbərinin(s.ə.s) məzarı üstə İmama qarşı yalan təbliğatlar aparmağa və mənfi atmosfer yaratmağa çalışır. Daha sonra o həzrəti zahirdə təmtəraqlı şəkildə amma, əslində şübhəli formada iki ayrı karvan vasitəsilə Mədinədən sürgün edir və dəfələrlə həbsə salır.

İmam Musa Kazım(ə)-ın həbsdə olduğu müddət ərzindəki rəftarı istər ibadət, istər tərbiyə, istərsə də digərləri ilə münasibətlərin qurulmasında son dərəcə təsirli olub. Bu rəftarlar istər İmamın dostları, istərsə də düşmənləri arasında o qədər böyük təsirə malik idi ki, Harun onun həbsdə saxlanılmasına belə dözməyərək, Sindi bin Şahəkə İmamı öldürməsi haqda göstəriş verdi. Beləliklə, İmam Kazım(ə) 183-ci hicri qəməri ili rəcəb ayının 25-də 55 yaşında zəhərli xurma ilə şəhid edildi.

İmam Kazım(ə):” من کف عضبه عن الناس کف الله عنه عذاب يوم القيامة”

“Xalqı öz qəzəbindən amanda saxlayan şəxsi Allah qiyamət günü öz əzabından amanda saxlayar.”

Exit mobile version