İndiyə kimi İran prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürən şəxslərin sayı 20 nəfəri keçib.
Müxtəlif siyasi qruplardan olan insanlar artıq bir neçə həftədir ki, cari ilin 14 iyununda keçiriləcək prezident seçkilərində iştirak üçün öz namizədliklərini irəli sürüb, nüfuzlu şəxslərlə görüşlər həyata keçirərək, onlarla fikir mübadilələri aparırlar.
Bu dəfə də İslahatçılar və Üsulçular bir-birilərinin əsas və başlıca rəqibləri sayılırlar. Eyni zamanda hər qrupun öz daxilində də müxtəlif siyasi cərəyanlardan olan bir çox insan öz namizədliyini irəli sürüb.
Tehranın hazırkı meri- Məhəmməd Qalibaf, keçmiş xarici işlər naziri və hazırda İnqilab Rəhbərinin siyasi müşaviri olan Əli Əkbər Vilayəti, keçmiş səhiyyə naziri- Kamran Baqeri-Lənkərani, habelə parlament üzvlərindən olan vitse-spiker Məhəmməd Həsən Əbu-Turabi, Qulaməli Həddad-Adil və Əlirza Zakani Üsulçuların prezident seçkilərində iştirak edəcək nüfuzlu namizədlərindən sayılırlar.
Bundan öncə Seyid Məhəmməd Xatəminin prezidentliyi dövründə vitse-prezident olmuş Məhəmməd Rza Arif və keçmiş ticarət naziri- Məhəmməd Şəriətmədari isə İslahatçıların seçkilərdə iştirak üçün öz namizədliklərini irəli sürən nümayəndələri sayılırlar.
İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının katibi və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın keçmiş komandanı- Möhsün Rezayi isə müstəqil namizəd olaraq, seçkilərə qatılmaq niyyətindədir.
Prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürənlərin demək olar ki, hamısı hazırkı prezident- Mahmud Əhmədinejadın iqtisadi siyasətlərini tənqid edərək, seçkilərdə qələbə çalacaqları təqdirdə ölkə iqtisadiyyatını düzgün inkişaf yoluna qaytaracağını vəd edir.
İranda 11-ci dövr prezident seçkiləri iyunun 14-də keçiriləcək. Prezident seçkilərində iştirak etmək istəyənlər mayın 7-dən 11-ə kimi rəsmən namizədliklərini irəli sürə və qeydiyyatdan keçə bilərlər.
İran İslam Respublikası prezidenti xalqın seçimi ilə 4 il müddətinə seçilir.
Prezident seçkilərində iştirak etmək istəyən namizədlərin səlahiyyətləri Negəhban Şurası tərəfindən təsdiq edilməlidir.
11-ci dövr prezident seçkiləri mayın 7-də namizədlərin adlarının qeydiyyata alınmasına start verilməsi ilə rəsmən başlamış olacaq. Təyin olunmuş zaman cədvəlinə əsasən, namizədlərin qeydiyyata alınmaları mayın 11-nə kimi davam edəcək.
Daxili İşlər Nazirliyinin əlaqədar rəsmilərinin bildirdiklərinə görə, mayın 17-dən 21-nə kimi Negəhban Şurası seçkilərdə iştirak etmək istəyənlərin səlahiyyətlərinin təsdiq edilməməsi və adlarının qeydiyyata alınmaması ilə bağlı etirazlarını araşdıracaq.
İranın Daxili İşlər Nazirliyi isə mayın 21 və 22-də səlahiyyətləri təsdiq edilərək, adları qeydiyyata alınan namizədlərin siyahısını açıqlayacaq.
Seçkiöncəsi təbliğat və təşviqat kompaniyası isə mayın 23-dən iyunun 12-nə kimi davam edəcək. İyunun 13-də artıq təbliğat və təşviqat kompaniyasının aparılmasına icazə verilməyəcək.