İnqilab Rəhbəri Hacı Şeyx Əziz Xoşvəqtin vəfat etməsi münasibətilə başsağlığı müraciəti

Ayətullah Hacı Şeyx Əziz Xoşvəqtin vəfat etməsinin ardınca İslam İnqilabının Böyük Rəhbəri bir başsağlığı müraciətində bu ilahi alim, əxlaq müəllimi və Allah yolçusunun vəfatını kədərli müsibət adlandırıb və bu böyük itki münasibətilə başsağlığı veriblər.
Həzrət Ayətullahülüzma Xameneinin başsağlığı müraciətində deyilir:

Bismillahirrəhmanirəhim

İlahi alim, əxlaq müəllimi, salik iləllah və arif billah mərhum Ayətullah Hacı Şeyx Əziz Xoşvəqtin vəfatı xəbərini aldıqda son dərəcə təəssüfləndim və kədərə batdım. Bərəkətli bir ömrə, mənəviyyat ilə dolu bir həyat, daim Allah yolunda atılan addımlar, şövqlə dolmuş qəlblərin tərbiyə edilməsində yorulmaz səylər, bu ilahi alim, əxlaq müəllimi və mərifət sahibinin dəyərli həyatının bir hissəsi sayılırdı. Şübhəsiz, belə bir ali insanın yoxluğu, onun mənəvi dərəcələri ilə tanış olan hər bir kəs üçün böyük müsibət, şagirdləri və onun vücudundan faydalanan şəxslər üçün əvəzolunmaz bir itkidir.
Mən səmimi qəlbdən o mərhumun ailəsinə, hörmətli övladlarına və digər yaxınlarına habelə, onu hörmət bəsləyən hər kəsə başsağlığı verir, mərhuma Allahdan ali dərəcələr, rəhmət və ilahi övliyalar ilə birgə məhşur olmaq arzu edirəm.

Ayətullah Hacı Şeyx Əziz Xoşvəqt

Salik iləllah və arif billah mərhum Ayətullah Hacı Şeyx Əziz Xoşvəqt bu gün səhər saat 7-də Məkkə şəhərində bir xəstəxanada fani dünyaya gözlərini yumdu.
Ayətullah Xoşvəqt 18 öncə ümrə həcci üçün vəhy diyarına səfər etmişdi.
86 yaşlı Ayətullah Əziz Xoşvəqt dini təhsilində İslam Maarifini öyrənmək sahəsində böyük həvəsə malik olmaqla yanaşı Həzrət Fatimə Məsumə(s)-nın əhli-beytinin xas inayətinə malik idi.
Xaric fiqh və üsul dərslərində 7 il İmam Xomeyni(r.ə)-in yanında şagirdlik etmiş, böyük təqlid mərcəyi olan Ayətullahülüzma Brucerdinin xaric fiqh dərslərindən faydalanmış və mehrab şəhidi Ayətullah Səduqi ilə birlikdə dərs çalışmışdır.
Mərhum Hacı Şeyx Xoşvəqt hikmət və fəlsəfə sahəsində də Quran-Kərimin böyük təfsirçilərindən sayılan Əllamə Təbatəbayidən dərs almışdır.
Mərhum Ayətullah Təbatəbayi onu şəhid Mürtəza Mütəhhəri kimi əxlaq və ürfanın müxtəlif sirləri və dərəcələri ilə yaxından tanış etmişdi.
Ayətullah Xoşvəqt müxtəlif elmləri öyrəndikdən və hikmət, əxlaq və ürfan elmləri ilə yaxından tanış olduqdan, ictihad dərəcəsinə nail olduqdan sonra Tehrana qayıtdı. Tehranda İmam Həsən Müctəba(ə) məscidinin imam camaatı olan Ayətullah Xoşvəqt dini elmlər hövzəsində də əxlaq dərsi deməyə və tələbə yetişdirməyə başladı. Xalqın ehtiyaclarını nəzərə alaraq, mərhum gənclər, bəsicilər, mübarizlər və şəhid ailələri ilə 40 ildən artıq dostluq münasibətlərinə malik olmuş və xalqın sevgisini qazanmışdı.
İslam İnqilabının qələbə çalmasından sonra isə İmam Xomeyni(r.ə)-in hökmü ilə Mədəni İnqilab Qərargahında o həzrətin xüsusi nümayəndəsi təyin olundu. O zamandan sonra daha çox mədəniyyət və gənclərin tərbiyə edilməsi sahəsində fəaliyyət göstərmişdi. Bu müddət ərzində inqilabçı gənclər mərhum Ayətullah Xoşvəqtin əxlaq dərslərində iştirak edərək, onun Səhife Səccadiyə, Nəhcül Bəlağə, Quran ayələri, hədislər və digər sahələrlə bağlı xütbələrindən faydalanırdılar.
Mərhum İmamın düşüncələri və baxışlarına xüsusi təkidin edilməsi, İslam İnqilabının Böyük Rəhbərinin mövqeləri və baxışlarının dəstəklənməsi, onun bir inqilabçı kimi möhkəm bir simaya çevrilməsinə səbəb olmuşdu. Ayətullah Xoşvəqtin siyasi məsələlər və düşmənlərin fitnələri qarşısındakı bəsirəti mərhumu bir çox məsələlərdə siyasət xadimlərinin və universitet əhlinin məsləhətləşmək üçün müraciət etdiyi bir şəxsə çevirmişdi. Dünyanın maddi cilvələrindən uzaqda qalmaq və sadə həyat tərzinə təkid etmək, xalq ilə ünsiyyətdə olmaq və xalqın daim o həzrətlə əlaqədə olması mərhumun əsas xüsusiyyətlərindən idi ki, gənclər başda olmaqla xalqın ona məhəbbət bəsləməsinə səbəb olmuşdu.
Ruhu şad, məkanı cənnət olsun!

↑
Mobil sürümden çık