İran Myanmada müsəlmanların repressiyasını durdurmaq üçün təklif ilə çıxış etdi

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi Myanmada müsəlmanların repressiyasının durdurulmasını istəyərək, bu məsələnin həlli istiqamətində təkliflər də irəli sürüb.

İranın BMT-dəki daimi nümayəndəsi və səfiri Məhəmməd Xəzayi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin BMT-dəki səfirləri və daimi nümayəndələrinin Myanma müsəlmanlarının vəziyyətini araşdırmaq üçün təşkil etdikləri iclasda BMT Baş Assambleyasının Myanma müsəlmanlarının vəziyyətini araşdırmaq üçün fövqəladə iclas təşkil etməsini, BMT baş katibinin və onun xüsusi nümayəndəsinin bu iclasa dəvət olunmasını, Myanma müsəlmanlarının vəziyyəti ilə bağlı hesabatın təqdim edilməsini və BMT Baş Assambleyasında bu mövzu ilə bağlı qətnamənin qəbul olunmasını istəyib.

M.Xəzayi həmçinin BMT-nin baş katibindən, Myanmada insan haqlarının vəziyyətini araşdırmaq və baş verən cinayətlərə görə məsuliyyət daşıyanları müəyyənləşdirmək üçün bu ölkəyə müstəqil bir faktaraşdırıcı komissiya göndərilməsini istəyib.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi əlavə edib: İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Myanma hökumətindən insan haqlarını pozan və müsəlmanlara qarşı zorakılıqlara yol verən şəxsləri cəzalandırmasını tələb etməlidirlər.

Məhəmməd Xəzayi Myanma müsəlmanlarına qarşı repressiyaların durdurulması üçün bütün mümkün vasitələrdən istifadənin edilməsini o cümlədən BMT-nin İnsan Haqları Şurasında qətnamənin qəbul edilməsini və dünya ictimaiyyətinin məlumatlandırılması üçün media təbliğatı kampaniyası kimi ictimai diplomatiyanın yürüdülməsini məqbul vasitələrdən adlandırıb.

↑
Mobil sürümden çık