İranXƏBƏRLƏR

İran prezident seçkilərində iştirak edən siyasi cərəyanlar

İran prezident seçkilərində namizəd irəli sürmüş siyasi qütbləri yaxud siyasi-dialoq qruplarının arasında rəqabətlər get-gedə ciddiləşir.

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar 11-ci prezident seçkilərinə 686 nəfərin qeydiyyatdan keçdiyini bildirib. Bunlardan 656 nəfəri kişi, 30 nəfəri isə qadındır.

Ancaq qeydiyyatdan az sonra bəzi siyasi şəxslər öz fikirdaşlarının xeyrinə namizədliklərini geri götürüblər.
O cümlədən hazırkı dövrdə prezident Mahmud Əhmədinejadın komandasından sayılanlardan vitse-prezident Rəhimi bu komandanın əsas namizədi sayılan Məşayinin xeyrinə namizədliyini qeri götürdüyünü elan edib.

Bu belə bir haldadır ki, hələ Konstitusiyaya Nəzarət Şurası namizədlərin səlahiyyətləri barəsində rəyini bildirməyib və məlum deyil ki, hansı namizədlər prezidentlik kürsüsünə əyləşmək üçün səlahiyyətli bilinəcəklər?

İslahatçı qanadın namizədlərinin bir çoxu isə bildirib ki, Haşimi Rəfsəncaninin səlahiyyəti təsdiq olunarsa, onlar da Haşiminin xeyrinə namizədliklərini geri götürəcəklər.

Bu seçkidə Mühafizəkarlar yaxud prinsipləri üstün tutan qanadın namizədlərinin çoxluğu isə diqqət cəlb edəndir.

Bu qanadın təmsilçiləri içində kim kimin xeyrinə geri çəkiləcək? Bu sualı cavablandırmaq hələ o qədər də asan deyil.

Bütövlükdə bu ilki seçkidə dörd siyasi qanad yaxud dörd “siyasi-dialoq” qrupu iştirak edir:

– Ənənəvi Mühafizəkarlar: Mühafizəkarlar bu seçkidə iki hissəyə bölünüblər: Əli Əkbər Vilayəti, Qalibaf və Həddad Adil kimi tanınmışlar bir yerdə və Purməhəmmədi, Ali-İshaq və Əbu Turabi Fərdin də daxil olduğu namizədlər isə başqa bir cəbhədə görünürlər. Ancaq hər iki tərəf Mühafizəkar yaxud prinsipləri üstün tutan qanadın təmsilçiləri sayılır.

– Müqavimət Cəbhəsi: Bu cəbhədə sabiq səhiyyə naziri Kamran Baqiri Lənkərani, Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin iştirakı gözə çarpır.

– Hazırkı prezidentin komandası: Bu komandanın əsas namizədi Məşayidir. Hərçənd qeydiyyatın sonuncu günündə Nazirlər Kabinetinin bəzi üzvləri, o cümlədən Əli Əkbər Cəvanfikr, Sadiq Xəlilian, Ramin Mehmanpərəst və bəzi sabiq nazir müavinləri qeydiyyatdan keçdilər, lakin İsfəndiyar Rəhim Məşayi bu dəstənin əsas namizədi hesab olunur. İsfəndiyar Rəhim Məşayi də qeydiyyat günü qeyd etdi ki, Əhmədinejad dövlətinin yolunu davam etdirməyi özü üçün böyük bir vəzifə bilir.

– İslahatçılar: 79 yaşlı Əli Əkbər Haşimi Rəfsəncani Daxili İşlər Nazirliyinin Seçki Qərargahına gələrək, göstərdi ki, bütün ötən dövrələrdə olduğu kimi, seçkilərin bu dövrəsində də iştirak və təsir göstərmək niyyətindədir. İslahatçıların böyük bir hissəsini təşkil edən Haşiminin hamiləri öncədən vurğuladıqları kimi, Haşiminin xeyrinə kənara çəkilmək niyyətindədirlər. 16 il bundan əvvəl İranda Prezident seçkisində Mühafizəkarların namizədi Natiq Nuri müqabilində qələbə çalıb 8 il prezident kürsünə əyləşmiş və İslahat hökumətinin başçısı olmuş Seyid Məhəmməd Xatəmi isə bütün islahatçıları Haşimi Rəfsəncanini dəstəkləməyə çağırıb. Hətta bəzi məlumatlara görə, öncə Haşiminin nəzəri və dəstəyi ilə seçkidə namizəd olduğunu bildirən Həsən Ruhani də onun xeyrinə kənara çəkilib.

Bütün bu deyilənlərə əsasən, bir ay sonra İranda keçiriləcək prezident seçkilərində seçki qütblərinin necə formalaşacağını dəqiqliyi ilə demək hələ ki vaxtından tezdir. Ən azı üç gün gözləmək lazımdır ki, Konstitusiyaya Nəzarət Şurası namizədlərin səlahiyyətləri barəsində öz rəyini bildirsin. Gərçi səlahiyyətləri təsdiq olunmayan namizədlərin bu rəyə etirazları da ola bilər və bu etirazların araşdırması və yekun rəyin verilməsi də bir qədər vaxt aparacaq.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı