
Siyasət aləminə yeni qədəm qoymuş italiyalı komediyaçı Bepe Qrilonun rəhbərlik etdiyi “5 Ulduz” partiyası Parlament seçkilərində ən çox səs toplayan partiya olub.
İtaliyanın Daxili İşlər Nazirliyi 17-ci Parlament seçkilərinin nəticələrini açıqlayaraq, “5 Ulduz” partiyasını seçkilərin qalibi elan edib ki, bu da ölkədə geniş mübahisə doğurub.
“5 Ulduz” partiyası seçkilərdə 7 milyon 689 min yəni, ümumi səslərin 22.55%-ni toplayaraq, Parlamentin 108 yerini özünə aid edib.
“5 Ulduz” partiyası həmçinin İtaliya Senatında da 54 yerin sahibi olub.
Həyat yoldaşı iranlı olan Bepe Qrilo seçkiöncəsi təşviqat kampaniyasında ictimai və iqtisadi ədalətsizlikləri tənqid etdiyi üçün xalq arasında sevilən bir şəxsə çevrilib. Baxmayaraq ki, dəqiq iş proqramına malik deyil.
Əlbəttə, Piyer Luiçi Bersaninin başçılıq etdiyi solçu koalisiyası seçkilərdə səslərin 29.54%-in əldə edərək, Parlamentdə 340 yerə sahib olub. Senatda isə solçuların payı 113 olub.
Sağçılar isə səslərin 29.18%-in toplayaraq, Parlamentdə 124 yerə yiyələniblər. İtaliya Senatında sağçıların payına düşən yerlərin sayı isə 116 olub.
İstefada olan baş nazir Mario Montinin başçılıq etdiyi mötədillər koalisiyası isə Parlamentdə yalnız 45 yer əldə edə bilib. Mötədillər Senatda da 18 yerlə kifayətlənməli olublar.
