İran24 yazıb ki, ölkə üçün mühüm və strateji əhəmiyyət daşıyan nəhəng qazma qurğusu müharibə, ən sərt sanksiyalar və 360 dərəcə mühasirə şəraitində mürəkkəb marşrutlardan keçirilməklə İrana gətirilib. Qurğunun İrana çatdırılması «Xəbərqan Enerji» şirkəti tərəfindən həyata keçirilib.
Bir çox investorun son aylarda ehtiyatlı davranaraq ölkədən sərmayə çıxardığı bir vaxtda, «Xəbərqan Enerji» özəl şirkəti müharibə şəraitində ölkəyə lazım olan ixtisaslaşmış qazma qurğularının sifarişi və idxalına başlayıb. İran dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrindən biridir və bu ehtiyatların əhəmiyyətli hissəsi birgə yataqlarda yerləşir. Həmin yataqların sürətlə işlənməsi və vaxtında hasilat üçün nəhəng və müasir qazma qurğularından istifadə tələb olunur.
Regiondakı xüsusi şəraitə görə qurğunun daşınma marşrutu çoxsaylı çətinliklərlə üzləşib. Nəhəng metal konstruksiyanın mənşə ölkəsindən çıxarılması və İrana çatdırılması üçün liman bir neçə dəfə dəyişdirilib, daşınma marşrutu yenidən nəzərdən keçirilib. Daşınmanın son 24 saatı limanın üç dəfə dəyişdirilməsindən sonra İran gəmilərinin iştirakı ilə, ABŞ PUA-larının marşrutu izlədiyi olduqca həssas şəraitdə keçib. Qurğu nəhayət, regiondakı mürəkkəb təhlükəsizlik şəraitində İranın sularına çatıb; bu prosesin təfərrüatlarının bəlkə də sülh dövründə açıqlanmasının mümkün olacağı qeyd edilib.
