
İran və 5+1 Qrupu arasındakı müzakirələrin 2-ci etapı bir qədər öncə Almatıda Riksos otelində start götürüb.
Müzakirələrin 1-ci etapı dünən elə bu oteldə baş tutmuş və 3 saat davam etmişdi.
İranın baş nüvə müzakirəçisi danışıqların 2-ci etapından öncə 5+1 Qrupunun koordinatoru Katrin Eşton və daha sonra Qazaxıstanın xarici işlər naziri ilə ikitərəfli görüşlər həyata keçirib.
Səid Cəlili Katrin Eşton ilə ikitərəfli müzakirələrin ardınca Qazaxıstanın xarici işlər naziri ilə görüşüb.
İrandan Qazaxıstana ezam olunmuş jurnalistlərin verdiyi məlumata görə, İranın baş nüvə müzakirəçisi bu gün səhər müzakirələrin 2-ci etapına başlamazdan öncə, 5+1 Qrupunun İran ilə müzakirələrdəki koordinatoru Katrin Eşton ilə ikitərəfli görüş həyata keçirib. Hələ ki, görüşün detalları açıqlanmayıb.
Eştonun sözçüsü Maykl Man dünən axşam İSNA ilə müsahibədə müzakirələrin 1-ci etapını faydalı hesab edərək, 5+1 Qrupunun öz təklif paketini İrana təqdim etdiyini bildirmişdi.
Hələ ki, İran tərəfi müzakirələrin 1-ci etapı ilə bağlı fikir bildirməyib.
Deyilənlərə görə İran da Almatı iclasına bir təklif paketi ilə qatılıb. İranın nümayəndə heyətinə yaxın bir mənbə deyib: Bizim təklifimiz bir sıra seçimləri əhatə edir. Qarşı tərəfin hansı təklif ilə çıxış edəcəyindən asılı olaraq, təklifin fərqli nüsxəsi təqdim ediləcək. Amma, hər halda İran yeni təklif ilə çıxış edəcək.
Bu mənbə daha sonra bildirib: Bizim məqsədimiz qərblilərin həqiqətən İranın nüvə fəaliyyətlərindən nigaran olduğunu, yoxsa məsələdən bac almaq üçün istifadə etdiklərini aydınlaşdırmaqdır.