İran İslam Respublikası prezidenti deyib: İran və Fransa ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər barədə bir-biriləri ilə həmkarlıq edə bilərlər.
Həsən Ruhani çərşənbə axşamı günü BMT Baş Assambleyasının sessiyası kənarında Fransanın prezidenti- Fransua Oland ilə görüşdə bildirib ki, Fransa 2003-cü ildən 2005-ci ilədək İranın nüvə məsələsində mühüm rol oynayıbdır. O, deyib: İran İslam Respublikasının nüvə fəaliyyətləri daim dincməqsədli olub, bu üzdən, bu barədə mövcud olan məntiqsiz və qanunsuz münasibət öz yerini məsələlərin həllinə səbəb olacaq faydalı münasibətə verməlidir.
Ruhani əlavə edib: İran İslam Respublikası dini və əxlaqi dəlillərə görə, heç vaxt nüvə silahının ardınca deyil və nüvə texnologiyasına malik olmanın İran İslam Respublikasının haqqı olması məsələsi hamı tərəfindən qəbul edilməli və bu sahədə həmkarlıq zəminləri də genişlənməlidir.
Fransua Oland da bu görüşdə bildirib ki, bu, 2005-ci ildən bəri Fransa və İran prezidentləri arasında bu səviyyədə keçirilən ilk görüşdür. O, bunu ümidverici bir nöqtə adlandırıb və bildirib ki, Fransa İranla səmimi əlaqələrə malik olmaq istəyir.
Fransa prezidenti iki ölkənin uzun mədəni və iqtisadi əlaqələrinə işarə edərək, əlavə edib: İran və Fransa Suriya və Livan məsələləri kimi regional böhran və məsələlərin həlli sahəsində bir-biriləri ilə əməkdaşlıq edə bilərlər.
Oland habelə deyib: Fransa iki ölkə arasında əməkdaşlıqların inkişafının yeni mərhələsinin tez bir zamanda başlanmasına hazırdır.
İran və Fransa prezidentləri bu görüşdə Suriya böhranı haqda da danışıblar. Onlar Suriyada mülkilərin qırğın olunmaları və vətəndaş müharibəsinin davam etməsindən nigaranlıq edərək, Livanda da sabitlik və dincliyin qorunması üçün səy göstərilməsinin vacibliyini vurğulayıblar.
