Rüstəm İbrahimbəyovun Azərbaycan Respublikası Prezident seçkisinə qatılmaqdan geri çəkilməsindən məmnun qalan Parlamentin elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev Rüstəm İbrahimbəyovu hərdəmxəyal adlandıraraq lağa qoyub.
Rəsmi AzərTac agentliyində dərc olunan “Hərdəmxəyalın seçki sərgüzəştləri” sərlövhəli açıq məktubda yazılıb : “Rüstəm bəy. Yəqin, Sizə təbriklər düşür. Axı, adınız prezidentliyə namizəd kimi bolluca hallanır… Lakin, hələ də anlaya bilmirəm: kifayət qədər gurultulu fəxri adlarınızın və vəzifələrinizin siyahısına birinin də əlavə olunması nə deməkdir….Artıq kino aləmi Sizə çox dar gəldi. Daha geniş, daha cazibədar, daha maraqlı siyasət aləminə qədəm qoymaq istədiniz…. Düz iyirmi beş ildir mən özümə dönə-dönə bircə sualı verirəm.…. Axı, necə oldu, biz bu Azadlıq meydanını Nemət kimi kəmsavadların ixtiyarına verdik? …. İndinin özündə nə qədər gözəl dərk etsəm də ki, olan olub, keçən keçib və o günləri bir daha geri qaytarmaq olmaz, bu günəcən yenə ürəyimdə bir nisgil qalmışdı. ….. Biz bu gün torpaqlarının 20 faizi zəbt olunmuş bir ölkəyə çevrilməzdik. Millətin qaymağından danışanda isə istər-istəməz Siz yadıma düşürdünüz, Rüstəm bəy….. Təbii ki, biz o vaxt çox mətləblərdən bixəbər idik, çox şeyləri bilmirdik və bilə də bilməzdik….. …… Mütəllibov dövrü və Müsavat–Xalq Cəbhəsi cütlüyünün hakimiyyəti bizə sadə bir həqiqəti nümayiş etdirdi. … Cəmiyyətin idarə olunması ən mürəkkəb texnikanın, hətta kosmik gəmilərin, təyyarələrin idarə edilməsindən qat-qat çətindir və xüsusi hazırlıq tələb edir….. Bu gün Sizi dinləyərkən başa düşdüm ki, iyirmi beş il bundan öncə gör necə sadəlövh imişəm. Mənim Sizinlə bağlı bu ümidlərim, sən demə, əbəs imiş. Xəyallarım, ümidlərim, sən demə, hərdəmxəyal bir adamla bağlı imiş.”
Daha sonra İbrahimbəyovun təqhirinə keçən deputat əlavə edib : “Allah Mirzə Fətəliyə rəhmət eləsin, bu lap meymunu yada salmaq əhvalatına bənzədi.
Sizin müsahibənizi dinlədikcə ekrana baxırdım və vallah, ürəyim ağrıyırdı. Axı, nə görürdüm ekranda ki, ürəyim də açıla? Olduqca yorğun, hər şeydən bezmiş, özünün özündən belə zəhləsi gedən bir adam!!”
Deputat əlavə edib : “ Siz iddia edirsiniz ki, guya yeganə arzu və istəyiniz – azad, dürüst, şəffaf seçkilərdir. Çox gözəl. Elə isə, ay əzizim, iki gözüm, gəlin də. Bu zavallı Vətən axı yolunuzu nə qədər gözləyəcək? Rusiya vətəndaşlığı ilə məsələni həll edin və gəlin. Yeri gəlmişkən, bu nə Rusiya vətəndaşlığı oyunudur, heç başa düşmədim. Axı Siz ömür boyu Kinematoqrafçılar İttifaqında Azərbaycan pasportunu göstərir və deyirdiniz ki, ancaq Azərbaycanın vətəndaşısınız. Sizə məlumdur ki, bizim ölkədə ümumən ikili vətəndaşlıq qəbul olunmur.”

