İranda seçki atmosferi

Mayın 15-də İran başdan-başa seçki əhval-ruhiyyəsi ilə dolu anlara şahidlik edir. Xalqın gündəlik həyatında, abadlıq işlərində və əhalinin rifahının yaxşılaşdırılmasında təsirli rola malik olduğu üçün şəhər və kəndlərdə İslami Şuralara keçirilən seçkilər habelə, milli və hətta beynəlxalq əhəmiyyət daşıyan prezident seçkiləri bu günlər istənilən ictimai və dövlət dairələrinin başlıca mübahisə mövzularındandır.

Daim müxtəlif məsələlərin müzakirə edildiyi Nazirlər Kabinetinin iclası da bu günlər öz diqqətini əsasən seçki məsələsi üzərində cəmləşdirib. Buna görə də iclas başa çatdıqdan sonra dövlət rəsmilərinin müxtəlif məsələlərlə bağlı fikirlərini öyrənmək üçün jurnalistlər onlara doğru axışırlar.

İlk olaraq jurnalistlər mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyniyə doğru axın edirlər. O da öz irşadi tövsiyələrini belə bəyan edir: Ölkəyə hakim kəsilmiş atmosferin sağlamlığı təmin edilməlidir. Əxlaq diqqətdən yayınmamalı və quruluşun orqanları təxribata məruz qalmamalıdırlar.
Həmçinin, bu günlər milli media yəni İran İslam Respublikasının əzəmətli Radio və Televiziya Təşkilatının müxtəlif şəbəkələri seçki məsələsinin əhəmiyyətini nəzərə alaraq bütün jurnalistlərin zərrəbini altındadır. Bəlkə də elə buna görə idi ki, Teleradio Təşkilatının sədri İzzətullah Zərqami jurnalistlərin ən həssas suallarının hədəfinə çevrilmişdi. Zərqami jurnalistlərə cavabında bildirib: Çalışırıq ki, seçki kampaniyasının sağlam və qeyri-təxribi atmosferdə keçirilməsinə zəmin yaransın. Öncəki dövrlərdəki kimi qeydiyyatdan keçən və qanuni baxımdan qadağası olan şəxslərin toplusundan seçkinin əzəmətli olması üçün çalışırıq. Seçki kampaniyasının rəsmən başlanmasından öncə həm ölkədə həm də beynəlxalq səviyyədə yüksək əhəmiyyəti olan şəxslərdən ixtisarlı şəkildə münasib xəbərləri irəli sürməyə və fikirlərini xalqa çatdırmağa səy göstəririk.

Zərqami bildirib ki, bütün lazımi tədbirlərə də riayət olunub və səlahiyyətləri təsdiqlənən namizədlərin təbliğat kampaniyası milli mediada tam ədalətli və söz-söhbətlərə səbəb olmayan şəkildə təşkil olunsun.

Dövlət rəsmiləri arasında İran prezidenti Mahmud Əhmədinejad digərlərindən daha çox jurnalistlərin diqqət mərkəzindədir. Əhmədinejad prezidentliyinin son dövründə jurnalistlər arasında ümumi fikirdə hazırkı hökumətin vəziyyəti barəsində deyib: Dövlət və xalqın əlaqəsi müəyyən bir əlaqədir və İranın hər bir yerində bu əlaqə özünü nümayiş etdirir.

Dövlətin sözçüsü Qulamhüseyn İlham isə 11-ci prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayının çoxluğu məsələsi ilə əlaqədar jurnalistlərin suallarını cavablandırmalı olub. İlham jurnalistlərin suallarına cavab olaraq deyib: Namizədlərin sayı yaxşıdır. Müxtəlif və fərqli səliqələr və baxışların nişanəsidir. Ölkədə fərqli baxışlar arasında diskussiyaların aparılmasına və seçim imkanının artmasına səbəb olur. Amma, bu çeşidlilik normal qaydadan daha artıq olduqda və ölkəni idarə etmədə bacarıqlı olduqları şübhə doğuran şəxslərin mövcudluğu hiss olunduqda, bu artıq ölkəmizin mədəniyyəti ilə uzlaşmayan hala çevrilir. Öncədən prezidentlik vəzifəsini icra edə bilməyəcəyi məlum olan bir şəxsin seçkilər prosesinə qatılması və seçkilərdəki varlığının yalnız namizədlərin sayının çox olmasına xidmət etməsi sonralar belə bir təsəvvürün yaranmasına səbəb olur ki, guya çoxlu sayda namizədin adı qeydə alınmayıb. Bu bizim mədəniyyətimizə uyğun bir şey deyil. Amma, hər halda biz insanların öz namizədliklərini irəli sürə bilmələri üçün belə bir azad və açıq atmosferə malikik. İnqilab boyunca da bu həmişə belə olub.

Daxili işlər naziri Mustafa Məhəmməd Nəccar da jurnalistlərin suallarını cavablandırarkən namizədlərdən tutmuş sıravi vətəndaşlara kimi hamının qanuna riayət etməli olduğunu vurğulayıb və deyib: Qanuna hörmət və ona riayət etmək son dərəcə önəmli məsələdir və heç bir istisna olmadan hamı qanuna əməl etməlidir. Xahiş edirik ki, vaxtından əvvəl təbliğatların qarşısı alınsın.

Amma, prezident seçkiləri məsələsi jurnalistlərin xalqın və regionun mühüm məsələlərindən qafil olmasına səbəb olmayıb.

Ölkədə bəzi dərman preparatlarının bahalaşması və iqtisadi blokada şəraitini nəzərə alaraq, ölkənin ehtiyac duyduğu dərman preparatlarının təmin edilməsində hansı maliyyə resurslarından istifadənin edilməsi ilə bağlı sual ilə iqtisadiyyat nazirinə müraciət edən jurnalistlərin bu sualı şübhəsiz müalicə üçün İrana üz tutan Azərbaycan Respublikası əhalisi üçün də maraqlı olub.

Nazirin cavabı isə belə olub: Düşmənlərimizin xalqımıza əziyyət etmək ardınca olduğunu nəzərə alaraq, bəzi həssas məhsulların o cümlədən dərman preparatları, ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının alınması və daşınması üçün pul köçürmələrində həqiqətən İranı sanksiya edən dövlətlər vədlərinə əməl etmirlər. Yaranmış problemin ağırlığını və məsuliyyətini isə dövlətin və hökumətin boynuna yıxmaq istəyirlər. Amma, ötən il biz bu kimi hərəkətlərlə ölkənin dərman preparatlarına olan ehtiyacının təmin edilməsində problemlərin yaradılması kimi bir məqsədin olduğunu başa düşdükdə, qərara aldıq ki, Mərkəzi Bank dərman preparatları və digər zəruri məhsulların alınması üçün lazım olan valyutanın təmin edilməsini öz proqramlaşdırmalarında diqqət mərkəzində saxlasın. Və belə də oldu.

Jurnalistlər xarici işlər nazirini də Səudiyyə Ərəbistanına olan və mühüm dəyərləndirilən səfəri ilə bağlı sorğu-suala çəkdilər. Əli Əkbər Salehi bu səfər zamanı aydın və şəffaf müzakirələrin aparıldığını deyərək, İranın region ölkələrinin Suriya ilə bağlı siyasətlərinə düzəliş etməsi siyasəti haqda bunları deməklə kifayətləndi: Son dərəcə aydın və şəffaf müzakirələrə malik olduq. İki ölkə arasındakı məsələləri gündəmə gətirdik. İkitərəfli, regional və beynəlxalq məsələlər haqda danışıqlar apardıq. Əlbəttə, burda müzakirələrin detallarına aydınlıq gətirə bilmərəm. Amma, bu qədərini deyə bilərəm ki, aramızda olan fikir ayrılıqları və ixtilafları həll edə biləcəyimiz haqda söhbətlər oldu. İnşallah gələcəkdə özünüz hiss edəcəksiniz ki, İran və Ərəbistan arasındakı ikitərəfli əlaqələr müxtəlif sahələrdə inkişafa malik olub və möhkəmlənib.

Exit mobile version