İraq ordusunun bu ölkənin qərbində apardığı əməliyyat zamanı terrorçulardan onlarla nəfəri həlak olub.
Nəhreyn Net xəbər saytı İraq müştərək qüvvələrinin qərargah komandanlığı tərəfindən yayılan bəyanata istinadən qeyd edib: İraq ordusu ölkənin Ərrəmadi və Fəllucə şəhərlərində İraq və Şam İslam Dövləti adlı terrorçu qruplaşmanın üzvlərinin əleyhinə apardığı mübarizədə terrorçulardan 44 nəfərini öldürüb, daha onlarla nəfəri də yaralayıb.
İraq Müştərək qüvvələrinin əməliyyat qərargahının komandanı deyib: Ordu qüvvələri Ərrəmadi şəhərinin şimalı və qərb bölgələrinə nəzarəti ələ keçiriblər, ona görə də bu şəhərdə hər şey öz qaydasındadır.
Əl-Məyadin telekanalı da bir məlumatda bildirib: İraq və Şam İslam Dövlətinin sərkərdəsi Şakir Əl-Cənabi ordu qüvvələrinin tərəfindən həbs edilib.