Ədalət Partiyasının sədr müavini:“Bizdə kilsə tikdirib azanın səsini kəsdilər, üzdəniraqların “haqqını” müdafiə edib dindarları qazamatlara doldurdular.
Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovun fikrincə Azərbaycan respublikasında Prezident seçkisi yalnız bir şou olacaq.
“Media forum” saytı ilə masahibəsində Etimad İsmayılov vurğulayıb : “Anti-türk, anti-islam mövqeyində dayanan müstəmləkəçi qüvvələr öz seçimlərini artıq ediblər və prezident seçkisi sadəcə bir şou olacaq”.
Ədalət Partiyasının sədr müavini əlavə edib : “Demokratiya baxımından bizdən qat-qat irəlidə olan Gürcüstanda keçiriləcək seçkiyə müşahidəçi göndərən Avropa Azərbaycanda keçiriləcək dırnaqarası seçkiyə nümayəndələrini göndərməkdən imtina elədi. Bir Avropa nümayəndəsi “Azadlıq” radiosuna açıq dedi: ”Biz yeni qaz layihəsinə imza atmışıq, buna görə Azərbaycan iqtidarını qıcıqlandırmaq istəmirik”.
Etimad İsmayılov deyib : “Amerikaya, Avropaya bizdən qaz, neft lazımdır, məmurların taladığı pulları onların banklarında yerləşdirməsi lazımdır, Qarabağ istiqamətində boş bəyanatlardan artıq addım atmamaq, sərvətlərimiz hesabına Qərbin müxtəlif layihələrini maliyyələşdirmək tələb olunur. Gürcüstana ucuz qaz verilməsi, müxtəlif beynəlxalq idman tədbirlərinin və digər tədbirlərin Azərbaycanın Dövlət Neft Şirkəti hesabına maliyyələşdirilməsi də bu tələblərə daxildir. Türkiyə, Rusiya ilə məsafəli davranmaq, İrana qarşı poliqona çevrilmək, narkotik ticarətinə tranzit ölkə olmaq tələb edilir. Kim bu tələblərlə razılaşır, o, Azərbaycan prezidenti təyin olunur – dırnaqarası “azad, ədalətli, seçki” yoluyla.”
Partiya fonksioneri əlavə edib : “Bizdə kilsə tikdirib azanın səsini kəsdilər, üzdəniraqların “haqqını” müdafiə edib dindarları qazamatlara doldurdular. Müstəmləkəçi qüvvələrin ideoloqları tərəfindən hazırlanmış və bizim xainlər vasitəsilə gerçəkləşdirilmiş layihələr nəticəsində xalqımız düşdüyü dözülməz vəziyyətdən öz yurdundan qürbətə köç etməyə məcbur olunub, bir tikə çörəyə möhtac duruma düşüb, yaltaqlığa sövq edilir, mənəvi dəyərlərini itirir. Bu ona görə edilir ki, nə Qarabağ, nə məmləkətin rifahı, nə təbii sərvətlərin düzgün istifadəsi, nə digər dəyərlər xalqımızın yadına düşsün.”
O əlavə edib : “Bütün seçkilərdən sonra Cinayət Məcəlləsinin seçki saxtakarlığını özündə ehtiva edən maddəsi amnistiya aktlarına salınır, dırnaqarası demokratik dünya da bunu demokratiyaya doğru bir addım kimi dəyərləndirir.”
Partiya fonksioneri əlavə edib : “Adət-ənənələrimizi dağıdan, iqtisadiyyatımızı xaraba günə qoyub məkanımızı öz bazarlarına çevirən, təhsilimizi, səhiyyəmizi məhv edən müstəmləkəçi qüvvələr görməlidir ki, onların dayaqları yoxdur və ümumiyyətlə, Azərbaycanda arzuolunmazlara çevriləcəklər. Sübut etməliyik ki, biz manqurt deyilik, millətik.”
