İraqda cümə axşamı terror aktında 29 nəfər həlak olub

İraqda cümə axşamı günü terror aktlarında ən azı 29 nəfər həlak olub.

Cümə axşamı günü Bağdadın cənubunda minaatan hücumunda ən azı 11 nəfər həlak olub. Bu terror aktında onlarla nəfər də yaralanıb.
Hillənin şimalında əl-Musib bazarına minaatandan açılan atəş nəticəsində 18 nəfər həlak olub, 45 nəfər də yaralanıb. Hadisə qurbanlarının çoxu mülki vətəndaşlardır.
Bu arada İraq təhlükəsizlik qüvvələri bir neçə terrorçu, o cümlədən onların başçılarından birini ayrı-ayrılıqda keçirdikləri iki əməliyyatda öldürüblər.
Əl-İraqiyyə televiziya kanalının məlumatına görə, İraq təhlükəsizlik qüvvələri cümə axşamı günü “İraq və Şam İslam Dövləti” adlanan terrorçu qruplaşmanın 10 üzvünü əl-Anbar vilayətində öldürüb və onların iki avtomobilini məhv ediblər.
İraq təhlükəsizlik qüvvələri Babil vilayətinin şimalında keçirdikləri başqa bir əməliyyatda 4 terrorçunu öldürüblər. İraqda 120-dən çox terror aktının məsuliyyətini daşıyan Xəlil əl-Ləhəbi Babildə öldürülənlərdən biridir.
Bu əməliyyatda həmçinin “İraq və Şam İslam Dövləti” adlı terror qruplaşmasının 10 üzvü həbs olunub.

↑
Mobil sürümden çık