İraqın polisi və daxili mediaları bildiriblər ki, bazar günü İraqın cənubundakı şiələr yaşayan vilayətlərdə baş verən kobud hücumlarda azı 31 nəfər ölüb, 92 nəfər də yaralanıbdır.
Bağdaddan altmış kilometr cənubda yerləşən Babil vilayətinin şimalındakı Böyük Musəyyeb məscidində namazqılanlar arasına girib, intihar hücumu həyata keçirmiş bir şəxs öz partlayış gödəkçəsini partladaraq, bir neçə nəfərin həyatına son qoyub, 25 nəfərin də yaralanmasına bais olubdur. Bir yerli polis mənbəyi bildirib ki, Bağdaddan 550 km. cənubda yerləşən Bəsrə şəhərində bomba qoyulmuş avtomobil və motosikletin partladılması nəticəsində baş verən iki partlayışda yeddi nəfər həlak olub, beş nəfər də yaralanıbdır. Bu qaynaq əlavə edib ki, bomba yerləşdirilmiş bir avtomobil də Bağdaddan yüz km. cənub-qərbdə yerləşən Kərbəla şəhərinin bazarı yaxınlığında partladılıb. Nəticədə beş nəfər ölüb, on doqquz nəfər də yaralanıb. Həmçinin bomba quraşdırılmış başqa bir avtomobil Bağdaddan otuz km. cənubda yerləşən Kut şəhərində partladılıb ki, nəticədə dörd nəfər həlak olub, otuz nəfər də yaralanıb.
Digər bomba quraşdırılmış bir avtomobilin Bağdaddan 370 km. cənub-şərqdə yerləşən Nasiriyyə şəhərində partladılması nəticəsində üç nəfər ölüb, on üç nəfər də bədən xəsarəti alıb. Bu mənbə habelə bildirib ki, İraqın cənubundakı Babil vilayətində yerləşən bir məscidə qarşı intihar hücumunda iki nəfər həlak olub, on səkkiz nəfər də yaralanıbdır. Hələlik heç bir qrup bu hücumların məsuliyyətini üzərinə götürməyib, lakin Əl-Qaidənin İraqdakı qolu əksər hallarda bu kimi kobud hücumlarda məsuliyyət daşıyıb.