İREX:Azərbaycan mətbuat həbsxanası
İREX təşkilatı (ABŞ) KİV-in 2012-ci il üzrə Sabitlik İndeksini dərc edib. 80 ölkəni əhatə edən hesabatda müstəqil KİV-lərin inkişafı şəraitinin təhlili verilib. Hesabata əsasən 2012-ci ildə Azərbaycan dünyanın 10 aparıcı mətbuat həbsxanalarından biri olaraq qalır.
“Turan”ın məlumatına görə, İREX təşkilatının hasabatlında Azərbaycana həsr edilmiş bölmədə deyilir ki, ümumi Sabitlik İndeksi 1,83 bal qiymətləndirilib və bu, “KİV-in qeyri-sabit və qarışıq vəziyyəti” deməkdir: “2012-ci ildə həbs edilmiş 11 jurnalist və bloqçu ilə Azərbaycan dünyanın 10 aparıcı mətbuat həbsxanalarından biri olaraq qalır.
Jurnalistlər məhdudiyyətlər və daimi təqiblər altında işləyir. Mətbuata qarşı cinayətlər yaxşı araşdırılmır. Jurnalistlərə qarşı 60 zorakılıq halı olduğu haqqında məlumat var. KİV-ə qarşı 35 iddia qaldırılıb. Böhtan cinayət olaraq qalmaqdadır. İctimai informasiyaya çıxış məhdudlaşdırılıb. Mətbuatın sorğularına cavablar gecikdirilir və ya onlara ümumiyyətlə məhəl qoyulmur.
Prezident İlham Əliyevin hökuməti bir çox sahələrdə mətbuatı boğur. Elektron KİV-lər, o cümlədən ictimai yayımçı və dövlət televiziyası hökumətin ciddi nəzarəti altındadır.
Hökuməti tənqid edən qəzetlər məhkəmə cərimələri ilə qarşılaşır. 2012-ci ildə parlament kommersiya şirkətlərinin mənsubluğu haqqında məlumat verilməsini qadağan edərək ictimaiyyətin informasiyaya çıxışını məhdudlaşdırıb. Özünüsenzura geniş tətbiq olunur. Jurnalistlər hüquq mühafizə orqanlarının onları müdafiə etdiyini hiss etmir”.deyə- İREX-in hesabatında bildirilir.