Ərdəbilin imamcüməsi Bakı telekanallarından birinin aparıcısının İslam dini və alimlərinə qarşı hörmətsizliyi və İslamı vəhhabiliklə eyni təqdim etməsini pisləyib.
“Qafqaz Həqiqətləri” xəbər saytının məlumatına görə, höccət-ül-islam Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində deyib: Özü seyid olan bu aparıcı Quran, peyğəmbər, həzrəti Əmir-əl-möminin(ə) və ümumiyyətlə bütün məsum imamlar(ə)-a hörmətsizlik edibdir.
Seyid Həsən Amili Azərbaycan Respublikasındakı bu teleaparıcıya xitabən əlavə edib: Mənim sualım budur ki, nə üçün ən pozğun bir şəxs hakimiyyətə gələrkən cınqırınız çıxmır, amma vilayəti-fəqihdən söz gedərkən ona qarşı səsiniz ucalır? Əgər dini bir hökumətin nümunəsini görmək istəyirsinizsə, nə üçün Taliban və Əl-Qaidənin sorağına gedir, lakin İran İslam Respublikasının sorağına getmirsiniz? Hansı ki, İran İslam Respublikası hər il təqribən bir dəfə əsl seçkilər keçirir.
Ərdəbilin imamcüməsi xalqın düzgün yola istiqamətləndirilməsi tərzi barədə Allahın peyğəmbərlər, imamlar və din alimlərinə olan göstərişləri haqda Quran təlimlərinə işarə edərək, deyib: Həzrəti Əmir-əl-möminin(ə) hakimiyyətə gələrkən buyurdu: Allah-Taalanın acın ac, toxun da tox qalmasına dözməmək barədə din alimlərindən əhd-peyman aldığına görə, din xadimlərinin işi son dərəcə ağırdır. Seyid Həsən Amili sonra deyib: Əgər sizin hökumətiniz də dini hökumət olmuş olsaydı, sizin torpağınızdan ayrılmış 20% əsla və əsla əlinizdən çıxmazdı! Mütrifləri aparırsınız ki, əsgərləriniz ruhiyyələnsinlər, görən, nəticə alıbsız?
Seyid Həsən Amili din alimlərini vəhhabilərlə eyni qələmə verən Azərbaycan Respublikasındakı bu teleaparıcıya üzünü tutaraq, söyləyib: Mən bu aparıcıya və möhtərəm seyidə tövsiyə edirəm ki, öz cəddinin və Əmir-əl-mömin(ə)-ın yolunu davam etdirsin və onlara qarşı çıxmasın ki, bir seyid hər nəyi satsa da, öz atası və cəddini heç bir şeylə əvəz etməz.