“Qanun” Nəşrlər Evinin direktoru : mətbuat azadlığı uğurunda döyüşən səngər, Elmar Hüseynovun qətlə yetirilməsi ilə məhv edildi
İyulun 17-də “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun məzarı üstündə təşkil olunmuş ad günündə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirib ki, Elmarla bağlı görməli olduğumuz işlərin heç birini etməmişik!
“Qanun” Nəşrlər Evinin direktoru vurğulayıb : “Elmar mətbuat azadlığı uğurunda döyüşən bir səngər idi. Həmin səngər də Elmarın qətlə yetirilməsi ilə məhv edildi. Elmarın ad gününə biz onun qatillərini tapmış formada gəlmiş olsaydıq, onun adının əbədiləşdirilməsi istiqamətində bir iş görsəydik və nəticədə uğrunda mübarizə apardığı ideyaların hər hansı birini həyata keçirsəydik, bu, Elmar üçün çox böyük hədiyyə olardı. Təəssüf olsun ki, biz Elmarın mübarizəsini davam etdirə bildik, nə də onun mətbu orqanını qoruyub saxlaya bildik.”
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Elmarı kifayət qədər intelektual və yüksək biliklərə sahib bir jurnalist kimi tanıdığını bildirib və dyib : “Elmar gözləyirdi ki, ölkədə dəyişikliklər baş verəcək, hansısa müsbətə doğru islahatlar həyata keçiriləcək. Olmadı. Biz heç nəyi uduzmamışıq. Elmar Hüseynovun qoyduğu iz hər birimiz üçün bir örnəyə çevrilib”.
Tənqidçi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında Bakıda, yaşadığı binanın blokunda qətlə yetirilib. Cinayətin sifarişçiləri və icraçıları indiyədək tapılmayıb. Bakıda, yaşadığı binanın blokunda jurnalistə güllələr ağzından vurulmuşdur.