İslamçıların Müdafiə Komitəsi müraciət ünvanladı
Azərbaycanın Həbsdə olan İslamçılarılın Hüquqlarının Müdafiə Komitəsi , Azərbaycan İslam Partiyasınn Astara rayonundan olan və 2011-ci ilin yanvar ayında ağır ittihamlarla həbs edilən Ruhullah Axundzadənin həbsxana həyatı ilə bağlı müraciət ünvanladı.
Azərbaycan Respublikası Prezidentinə
Azərbaycan Respublikasının Milli Məclisinə
Azərbaycan Respublikası Ombudsmanı Xanım Elmira Suleymanovaya
Azərbaycan Respublikası Səhiyyə Naziri Oktay Şirəliyevə
Azərbaycanda fəaliyyət göstərən ictimai hüquq müdafiəçilərinə
Qızıl Aypara Cəmiyyətinin Bakı ofisinin rəhbərliyinə
ATƏT-in Bakı ofisinə
Biz İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin üzvləri məlumat üçün bildirməliyik ki, şərlənərək həbs olunan insanların, Azərbaycan vətəndaşlarının mənəvi sarsıntılar nəticəsində həbsxana divarları arasında dünyalarını dəyişmələri davam etməkdədir. Bir il bundan öncə Azərbaycan İslam Partiyasınn təşkilat şöbəsinin rəhbəri Hacı Vaqif Abdullayevə ömrünün son dəqiqələrində ailəsi ilə görüşünə şəraitin yaradılmaması və vəfatı ölkə ictimaiyyətini ciddi narahat etdi. On minlərlə insan bu neqativ münasibətə etirazını bildirdi. Sağlam bir insanın gözlənilmədən dünyasını dəyişməsinin əsl səbəblərinə bu gün də rəsmi orqanlar açıq münasibət bildirməmişlər.
Bu günlərdə cəmiyyətdə yeni bir narahatçılıq dalğası dolaşmaqdadır. Əslən Cənub bölgəsinin Astara rayonundan olan və 2011-ci ilin yanvar ayında ağır ittihamlarla həbs edilən Ruhullah Axundzadə artıq iki ildən çoxdur ki, 15 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayır. O, cəza çəkdiyi müddətdə ağır ürək çatışmazlığı xəstəliyinə məruz qalmışdır. Şübhəsiz ki, xəstəliyinin əsas səbəbi günahı olmadan həbsi və buna rəğmən keçirdiyi mənəvi sarsıntılardır.
Hal hazırda R.Axundzadənin fiziki durumu kritik həddindədir. O. həbsxanada miokard infarktı keçirərək penetensiar xidmətin müalicə müəssisəsinə köçürülmüşdür. Həkimlərin səylərinə büxmayaraq R. Axundzadənin vəziyyəti pisləşməyə doğru gedir. Artıq demək olar ki, o, həyatla ölüm arasında çarpışır.
Onun Ruhullah Axundzadənin ömrünün sonunda ailəsinə qovuşmasından ötrü Müdafiə Komitəsi Azərbaycanın Cənub bölgəsi vətəndaşları, ölkənin bütün ruhani cəmiyyəti, mömin insanları adından təxirəsalınmaz tədbirlərin görülməsini vacib hesab edir və Sizləri bu məsələnin həllindən ötrü zəruri addımlar atmağa çağırır.
Azərbaycanın Həbsdə olan İslamçılarılın Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimov

