İran İslam Respublikasının xarici işlər naziri İranın müdafiə doktrinasında nüvə silahına yer olmadığını deyərək, bu kimi silahların təhlükəsizliyə səbəb olmadığını vurğulayıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün İndoneziyaya olan səfərinin ikinci günündə ziyalılar, mütəfəkkirlər habelə, İndoneziya Xarici İşlər Nazirliyinin bəzi sabiq və hazırkı diplomatları, universitet müəllimləri, tələbələr və media mənsubları qarşısında çıxış edərək, İranın xarici siyasətlə bağlı baxışlarını açıqlayıb.
Məhəmməd Cavad Zərif deyib: Bu gün artıq sübut olunub ki, heç bir kütləvi qırğın silahı təhlükəsizliyin təmin edilməsinə zəmanət verə bilməz.
İranın xarici işlər naziri İranın dinc məqsədlər üçün olan nüvə fəaliyyətlərinin keçmişinə və Qərbin bu fəaliyyətləri dayandırmaq və ya məhdudlaşdırmaq istiqamətindəki məntiqdən kənar təzyiqlərinə işarə edərək, deyib: Onlar təzyiq və sanksiya yolu ilə İranı sülhsevər nüvə texnologiyasından məhrum etmək istəyirdilər. Lakin, İran xalqı son prezident seçkilərindəki iqtidarlı iştirakı ilə sanksiya və təzyiq siyasətinin təsirsiz olduğunu sübut etmiş oldu.
İranın xarici diplomatiya idarəsinin başçısı İran İslam Respublikasının 5+1 Qrupu ilə müzakirələrində izlədiyi baxışı şərh edərək, deyib: Bu baxış əsasında ilkin anlaşmaya nail olmaq mümkün olub və hazırda icra mexanizmi də işə düşüb. Halbuki, bir çoxları hətta anlaşmanın əldə olunacağına belə inanmırdılar.
İranın xarici işlər naziri daha sonra deyib: İran nüvə silahı ardınca deyil. Anlaşmaya nail olmaq istəyir və Qərb bu yolda İran xalqının etimadını cəlb etməlidir.
Məhəmməd Cavad Zərif İran və İndoneziya arasındakı ikitərəfli əlaqələr barədə də deyib: Bu münasibətlərdə heç bir məhdudiyyət mövcud deyil və bu əlaqələr mövcud potensialları nəzərə alaraq üçüncü bir tərəfə heç bir zərər yetirmədən davam edə bilər.