BMT baş katibi Ban Ki Munun sözçüsü bildirib ki, bu təşkilatın kimyəvi təhqiqat qrupu Suriya hökumətinə müxalif qruplaşmalar tərəfindən kimyəvi silahlardan istifadə barəsində araşdırma məqsədilə Dəməşqə daxil olub.
İRNA-nın məlumatına görə, Eduard Delbuyi jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Ake Selstromun başçılıq etdiyi BMT təhqiqat qrupu Dəməşqə daxil olub və Xan əl-Əsəl məntəqəsində kimyəvi silahlardan istifadə olunmaq barəsində araşdırma aparmaqla yanaşı Suriya xarici işlər naziri və Suriya hökumətinin kimyəvi maddələr üzrə bəzi ekspertləri ilə danışıqlar aparacaq.
Rəsmi Dəməşq Suriya hökumətinə müxalif qruplaşmaları bu ölkə xalqına qarşı kimyəvi silahlardan istifadə etməkdə ittiham edərək BMT baş katibi və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb və BMT tərəfindən Suriyaya təhqiqat qrupunun ezam olunmasını istəyib.
BMT baş katibi Ban Ki Mun bu müraciətlə razılaşaraq Suriyaya dərhal təhqiqat qrupunun ezam olunmasını istədi. Təhqiqat qrupunun Suriyaya ezam olunmağa hazırlaşdığı bir halda Təhlükəsizlik Şurasının üç daimi üzvü yəni ABŞ, İngiltərə və Fransa yeni və yayındırıcı bir məsələni irəli sürərək ölkənin müxtəlif yerlərində kimyəvi silahlardan istifadə olunması barəsində təhqiqatın aparılmasını istədi. Bu məsələ ezam olunacaq təhqiqat qrupunun işini praktiki olaraq çətinləşdirdi.
Ötən ay Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin bildirib ki, Rusiya suriyalı müxalif qruplaşmaların kimyəvi silahlardan istifadə etmələrini sübuta yetirən faktlara malikdir.