İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Suriya məsələsi qarşısında Azərbaycan Respublikası hökumətinin rəftarındakı nisbi dəyişikliyi müsbət qarşılayıb.
Abbas İraqçı Tehranda keçirdiyi öz həftəlik brifinqində sionist rejimin Suriyaya hücumunun pislənilməsi istiqamətində rəsmi Bakının addımı barəsində “Səhər” telekanalı müxbirinin sualını cavablandıraraq, deyib: Suriya barəsində ətraflı və hamının yekdil olması ilə bağlı bir istək yaranmaqdadır. Belə ki, Suriya məsələsinin həlli yalnız siyasi həll yolu ilə mümkündür. Biz bunu ətrafdakı müxtəlif ölkələrdə və müxtəlif rəsmilərin açıqlamalarında müşahidə edirik.
“Bununla əlaqədar, Suriya məsələsi və regional proseslərdə də Azərbaycan Respublikası hökuməti ilə yaxın və müsbət məsləhətlərimiz olub. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi, cənab Səid Cəlilinin həmkarı hesab olunan Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi, cənab Ramiz Mehdiyev son vaxtlar İrana səfər etdi. Bir-birimizlə yaxın məsləhət və məşvərətlərimiz oldu. Düşünürəm ki, məsləhətləşmələrin davam etməsi iki ölkənin mövqelərinin yaxınlaşmasında çox təsirli ola bilər” –deyə İraqçı əlavə edib.
İran XİN sözçüsü əlavə edib: Azərbaycan Respublikası bizim yaxın qonşumuz və dostumuzdur və bizim Azərbaycanla həmişə qonşuluq və dostluq münasibətlərimiz olub. Əlbəttə, bəzi amillər həmişə çalışıblar ki, bu dostluq münasibətlərinə zərbə vursunlar. Biz bu məsələdə həmişə xarici əlləri görmüşük.
İraqçı qeyd edib ki, bununla belə, iki ölkə rəhbərlərinin iradəsi və Azərbaycan diplomatlarının iradəsi həmişə İran İslam Respublikası ilə dostluq münasibətlərinin genişləndirilməsi üzrə olub və biz bu iradəni alqışlayırıq. Eyni zamanda çalışırıq ki, Azərbaycan rəhbərliyi və bu ölkənin yüksək səviyyəli rəsmilərinin əməkdaşlığı ilə münasibətləri qarşılıqlı hörmət və qarşılıqlı mənafeyə doğru irəlilədək və bu münasibətlərdə üçüncü tərəflərin müdaxilələrinin qarşısını alaq.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin yeni sözçüsü Qafqaz Müsəlmanları İdarəsinin sədri- Allahşükür Paşazadənin İrana səfəri barəsində də deyib: Cənab Şeyx—ül-islam Paşazadə yaxın gələcəkdə İrana səfər edəcək. O, Azərbaycanda tanınmış və çox hörmət bəslənilən şəxsiyyətdir ki, həmişə İran İslam Respublikası, İran xalqı və İran ruhaniliyi ilə yaxın və dostluq münasibətlərinə malik olmuşdur. Onun səfəri iki ölkə ruhaniləri arasında mövcud olan yaxın və dostluq əlaqələrinin davamı istiqamətində baş tutacaq.
