BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün Suriya ilə bağlı ikinci qapalı iclası da heç bir nəticə əldə etmədən başa çatıb.
Rusiyanın istəyi əsasında keçirilən bu iclasın sonunda hansısa nəticənin əldə olunduğu elan olunmayıb.
İclasdan öncə nəticənin əldə olunmasına ümidvarlığını bildirən İngiltərə nümayəndəsi Mark Leyal Qrant bir saat sonra iclası son dərəcə əsəbi halda tərk edib və jurnalistlərin suallarını cavablandırmayıb.
O, hansısa qətnamənin qəbul edilməsi barədə suala cavab olaraq deyib: Mənim heç bir nəzərim yoxdur.
ABŞ və Fransa nümayəndələri isə jurnalistlərlə qarşılaşmamaq üçün iclas zalını arxa qapıdan tərk ediblər.
Bu iclas ötən 48 saat ərzində BMT TŞ-nin Suriya ilə bağlı ikinci iclasıdır ki, nəticəsiz başa çatır.